İzahlı lüğət

YUXU

is. 1. Dövraşırı yatmaq şəklində davam edən fizioloji hal (bu zaman beyin - şüur tamamilə, ya da qismən fəaliyyətdən qalır, bir sıra fizioloji proseslər zəifləyir və bədən dincəlir). Yuxudan ayılmaq. Yuxu zamanı. Yuxuda və ayıqlıqda. Uşağa yuxu lazımdır. - Bəs ki verməz yuxu göz açmağa fürsət kimsəyə; Sübh gün şəmilə hər gün çeşmi-bidar axtarır. Qövsi. Bunlar yuxudan ayılır, dava başlanır. Ü.Hacıbəyov. □ Yuxun(uz) şirin olsun! - yatmağa gedənlərə rahat yuxu arzusu. Yuxusu gəlmək - yuxulamaq, yatmaq ehtiyacı hiss etmək. Yuxun gəlməmiş yerini sal. (Ata. sözü). Yuxusu qaçmaq - hər hansı bir səbəb üzündən, yaxud səbəbsiz yuxusu pozulmaq, daha yatmaq istəməmək. Şairin gözündən yuxusu qaçmış; Hərbin əjdahası, qorxunc, dəhşətli; Cəhənnəm sayağı ağzını açmış. Şəhriyar. Yuxusuna haram qatmaq 1) bax yuxu qaçırtmaq; 2) vaxtından tez ayılmaq. Yuxusunu almaq - yatıb dincəlmək, doyunca yatmaq. Yuxusunu qaçırtmaq - yuxusunun pozulmasına səbəb olmaq. Yuxuya batmaq - bərk yuxulamaq, yatmaq. Yuxuya getmək - mürgüləyərək yatmaq, yuxulamaq. Paşa göy otun üstündə uzandı, gün kürəyinin arasını qızdıranda şirin yuxuya getdi. “Aşıq Ələsgər” . Yuxuya qalmaq yatıb qalmaq, vaxtında oyana bilməmək. Həmişə dan yerinə səda düşəndə ayaq üstündə olub qapı-bacada hərlənən qız [Salatın], yatıb yuxuya qaldı. İ.Şıxlı. Yuxuya vermək 1) yuxulatmağa çalışmaq, gözü yuxuya gedincə gözləmək. [Şahqulu:] Meyitini görüm, mən heç sarsaq deyiləm... Bircə de görüm, gecələr bizi yuxuya verib bəyimin otağında nə qayırırsan? N.Vəzirov; 2) məc. yuxulatmaq, iğfal etmək, aldatmaq. Gözlərindən yuxu tökülmək - bərk yatmaq istəmək. Gözünə yuxu getmək - yuxulamaq. Gözümə necə yuxu getdiyini xatırlamıram. M.Hüseyn. Gözünə yuxu getməmək - yuxulaya bilməmək, yata bilməmək, yuxusu qaçmaq. [Çərkəz] yorğana bürünən kimi xoruldadı. Şamxalın isə gözünə yuxu getmədi, arxası üstə uzanaraq əllərini başının altında daraqladı. İ.Şıxlı. Qəflət yuxusu - bax qəflət. Qış yuxusu, yay yuxusu - qışda və ya yayda bəzi heyvanlarda əmələ gələn yuxululuq (uyuşuqluq) halı. Ölü kimi yatmaq - çox bərk və rahat yatmaq.
2. Bax yuxugörmə. Dəhşətli yuxu. Yuxuya inanmaq. Yuxusunu yozmaq. - Yuxunun yanlışı olar, yalanı olmaz! (Ata. sözü). [Mərcan bəy:] Görəsən, bu yuxudur, yoxsa gerçəkdir? Ü.Hacıbəyov. □ Yuxu görmək - yuxuda ikən cürbəcür şeylər (hadisələr, surətlər və s.) görmək. Bu gecə pis yuxu gördüm. - [Mərcan bəy:] Yox-yox, bu, yuxudur... Mən yuxu görürəm. Ü.Hacıbəyov. Yuxusu çin olmaq yuxuda gördüyü şey həyata keçmək. Yuxusuna da gəlməmək (girməmək) - heç xəyalında da olmamaq, heç düşünməmək, ağlına belə gətirməmək. Yuxusuna girmək (gəlmək) - bir şeyi yuxuda görmək. Bakıdan beş gün ayrılanda yuxuma Xəzər girir. N.Rəfibəyli. // Qeyri-real, xəyali, gerçək olmayan şey haqqında. Bunların hamısı bir yuxu imiş. □ Yuxusunda da görməmək - heç ağla gəlməyən, mümkün hesab edilməyən şey haqqında. Utanmaq bilməzlər, həya etməzlər, insaf, vicdan, mürüvvət heç yuxularına da girməz. N.Vəzirov.
□□ Yuxu kimi (gəlmək) - tamamilə unudulmuş bir şey, hadisə haqqında. Bu əhvalat adama yuxu kimi gəlir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

YA1

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed