İzahlı lüğət

SƏBİR1

is. [ər.] 1. Xoşagəlməz, acı, haqsızlıq kimi üzücü hallar qarşısında səsini çıxarmadan onların keçib-getməsinə dözmə, təhəmmül etmə. Bir dərd var ki, yerə-göyə sığışmayan, ürək yandıran, insanı vərəmləndirən, səbir və təskinlik bilməyən; məsələn, birinin əziz bir övladı əlindən gedə C.Məmmədquluzadə. □ Səbir etmək (eləmək) - çətin iş, ağır vəziyyət və s. hallarda şikayətlənmədən dözmək, təhəmmül etmək. Bu söz-söhbətlərin, müamilə və rəftarın nə qədər Sürəyyaya acı təsiri olurdusa da, səbir eləyirdi. Çəmənzəminli. // Gələcək və olacaq bir şey üçün tələsməyib və təlaş göstərməyib gözləmə; hövsələ. □ Səbir etmək - dözmək, hövsələ etmək, tələsmədən gözləmək. Lakin səbrin də bir dərəcəsi vardır. M.S.Ordubadi. İskəndər səbir edib, yarım ilə qədər gözlədi. Canına qulluq eləyib əkinəbiçinə getdi. M.Hüseyn. Səbri kəsilmək (tükənmək) - artıq dözə bilməmək, təhəmmül edə bilməmək. Səbrim kəsilib, yar mənim canımı alsın; Ya şad eləsin vəsl ilə, didarə yetirsin. Heyran xanım. [Nofəl Zeydə:] Burax atların cilovunu, Zeyd, kəsdiyimiz çörəyə and içirəm ki, artıq mənim səbrim tükənmək üzrədir. Ə.Məmmədxanlı. Səbrini basmaq bax səbir etmək. [Bədircahan:] Səbrini bas, ağa, hesabına bax! N.Vəzirov. [Rəşid:] Mən birtəhər səbrimi basıb, xörəkdən yeməyə başladım. İ.Hüseynov. Səbirlə şəklində zərf - təmkinlə, ağırağır. Səbirlə nağıl etmək. - Səbirlə toplamışdır gücünü damla-damla; Danışıb öz diliylə hər kəslə, hər adamla. R.Rza. [Qoşqar Əmirliyə:] Düz bir ildir, mən bu aparatda işləyirəm, bir dəfə görməmişəm ki, mənimlə səbirlə, soyuqqanlı danışasınız. İ.Hüseynov.
□□ Səbir kasası daşmaq (dolmaq) - daha dözə bilməmək, təhəmmül edə bilməmək, hövsələdən çıxmaq, təmkinini itirmək. [Gövhər xanım:] Daha bəsdir! Səbir kasam dolub daşmış. S.S.Axundov. Molla Şirəlinin səbir kasası daşdı, onsuz da gərgin olan əsəbləri qırıldı. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed