İzahlı lüğət

ÜMİD

is. 1. Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman. Ümidim bircə ona idi ki, Qoçaq mənim gəlmədiyimi görüb, özü mənim köməyimə yetişər. M.Rzaquluzadə.
məc. Ümid ediləcək adam. [Qönçə Ataşa:] Mənim ümidim, nicatım təkcə sənsən. Ə.Vəliyev.
Çarə.
□□ Ümid bağlamaq (bəsləmək) - yaxşı bir şeyin olacağına inanmaq, birinə arxayın olmaq. [Şahmar:] Mən döşünə döyənlərdən deyiləm, Nərminə, ancaq gələcəyə ümid bağlamaq özü də pis deyil. B.Bayramov. Ana kiçiyinə ümid bağladı; Dərdini gizlətdi, gecə ağladı; O, bircə arzuya, bircə niyyətə; Verdi ürəyini, verdi büsbütün. B.Vahabzadə. Ümid etmək - bir şeyə ümidi olmaq, gözləmək, güman etmək. [Gülqönçə] ümid edirdi ki, həkim ona kömək eləyər, onun səadətini qaytarar. H.Seyidbəyli. Ümid vermək - 1) arzusunun, istəyinin həyata keçəcəyinə inandırmağa, arxayın etməyə çalışmaq. [Yüzbaşı] .. gəlib Məmməd bəyin dəstəsinə qoşuldu, lakin yenə ümid verərək onu ovundurdu. Çəmənzəminli; 2) arzu edilən, gözlənilən bir şeyin gələcəkdə olacağına inam vermək, arxayın etmək. Gəncliyin bəzəkli və dolğun çağı; Bizə ümid verir, bizə can verir. S.Vurğun. Ümidi boşa (puça) çıxmaq - arzusu, istəyi, gözlədiyi həyata keçməmək. Bu kənddən qaçaqlar barəsində xəbər almaq xüsusundakı ümidlərim də boşa çıxdı. H.Nəzərli. Gələn adam ümidi puça çıxmış adamlar kimi əllərini yanına saldı. Q.İlkin. Ümidi qalmaq - bir şeyin olacağına ümidi kəsilməmək, əl üzməmək. ...ümidinə qoymaq - bir şeyi birisinə inanaraq tapşırmaq, qızmaq. Sadıq dəmiryolçunun girib-çıxmasından duydu ki, kişi mənzili onların ümidinə qoyub gedə bilmir. Mir Cəlal. Ümidini itirmək - daha inanmamaq, əlini üzmək. [Almaz:] [Fuad] da belə bir şeyə inansaydı, dünyada bütün ümidimi itirmiş olardım. C.Cabbarlı. Ümidini kəsmək (üzmək) - arzusunun, istəyinin həyata keçəcəyinə daha inanmamaq, əlini üzmək. Kəsmə ümidi vəsldən əyyami-hicrdə; Ey dil, bu şam kim gedər, axır səhər gələr. S.Ə.Şirvani. Dörd bir yanımı duman elə bürümüş ki, bir addım qabaq görünmür. O gün evə dönməkdən ümidimi üzdüm. A.Şaiq. [Ana] ümidini üzmədi, oğlunu gözlədi. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed