İzahlı lüğət

QIVRILMAQ

f. 1. Qıvrıq hala gəlmək, qıvrıq şəkil almaq; burulmaq, buruq-buruq olmaq. Saçları qıvrılmaq. - Onun .. bir tutumluq ağ saqqalı ətsiz çənəsi üzərindən boğazına doğru qıvrılaraq uzanmışdı. A.Şaiq. [Tutubəyimin] iri hörüyü ilan kimi ağ yastığın üstündə qıvrıldı. Çəmənzəminli. // Təşbehlərdə. Hər zaman kim, həlqeyi-zülfi-kəcin yad eylərəm; Qıvrılıb əfi kimi yüz ahü fiəryad eylərəm. S.Ə.Şirvani.
Halqa şəklində burulmaq, bükülmək, büzüşmək, yaxud bir tərəfdən o biri tərəfə əyilmək. İlan qıvrılıb yatmışdı. - Hüseynqulu ağa dal tərəfində qıvrılıb yatmış pişiyi ona göstərdi. S.S.Axundov.
Qatlanmaq, bükülmək, bürüşmək, büzüşmək. Soyuqdan yarpaqlar qıvrılmışdır.
Ağrıdan, sancıdan, hirsdən və s.-dən əyilib bükülmək, yığılmaq, büzüşmək (bədən haqqında). Xəstə dəhşətli ağrıdan qıvrılırdı. - İki cəngavər, ilan vurmuş kimi, yerində qıvrılan yasavulbaşını.. sicimlə çinarın gövdəsinə sarıdılar. M.Rzaquluzadə. // məc. Əziyyət çəkmək, əzab çəkmək, iztirab çəkmək. Fəxrəddin bu qədər əzici fikirlərin təsirindən qıvrıldığı zaman, oxuyan qız da .. qəzəlləri oxumağa başladı. M.S.Ordubadi.
Düz olmayan, əyri-üyrü, dalğavari şəkildə uzanıb gedən şey haqqında. Qəhrəman .. şəhərə girən yolun ağzına çıxır, uzaqdan qıvrılıb gələn yola tamaşa edirdi. S.Rəhimov. Ayağımız altında ilan-ilan qıvrılan çaylar var. M.Müşfiq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

QAR

......