İzahlı lüğət

GERİ

1. zərf Arxa tərəfə, dala, dal tərəfə. [Qaçay] bir neçə addım gedəndən sonra istədi qanrılıb geri baxsın. İ.Məlikzadə.
is. Ard, dal, davam, mabəd. Şerin gerisini oxumaq. - Toğrul Qətibənin bu sözlərini eşidəndən sonra, rübailərinin gerisini oxumadı, kağızı büküb cibinə qoydu.. M.S.Ordubadi.
is. məc. Aqibət, son, nəticə. Işin gerisini düşünmək. - [Prokuror:] Bu nədir? Adam bir iş tutanda gerisini fikirləşməz? İ.Şıxlı.
is. məc. İnkişaf etməmiş, dala qalmış. Inkişafı çox zəifidir; Üzrümüz yoxdur əsla; Imkanımız var ikən; Geriyik nə əsasla? R.Rza.
□□ Geri durmaq - uzaqlaşmaq, yaxın gəlməmək. Yar deyilsən, çək ayağı, geri dur; Canımı odlara yaxmağın nədir? M.P.Vaqif. Geri götürmək - 1) dala almaq verdiyini istəyib almaq. Kitabını geri götürdü; 2) məc. dediyi sözdən, vədindən dönmək. Sözünü geri götürmək. - Padşah qızını çox şad görüb, hökmünü geri götürdü. (Nağıl). Geri (geriyə, geridə) qalmaq - 1) dalda, arxada qalmaq. Qocalar geridə qaldılar. - Komandan əsgərlərdən geri qalmamaq üçün yoluna davam edir. M.Hüseyn; 2) vaxtını keçirmək, vaxtında etməmək; yubatmaq, ləngitmək. Dərsim geri qalıb. - Xəstə olduğum cəhətə bu yay xırmanım hamıdan geriyə qalmışdı. S.S.Axundov; 3) məc. inkişafdan qalmaq, tərəqqi etməmək. [almaz Xanımnaza:] Ay ana, axı bu bizim kəndimizdir, elimizdir. Belə, geridə qalıblar ey, geridə. C.Cabbarlı. Geri qayıtmaq - dala dönmək, qayıtmaq. Qayıdıb gələndə məclisdən geri; Yolda iki nəfər düşdü üstümə. M.Rahim. Geri qaytarmaq - 1) qaytarmaq, qovmaq. Uşağı geri qaytarmaq. - Pəri nənə .. gəlinini qapıdan geri qaytarmaq fikrində deyildi. M.Hüseyn; 2) ödəmək, vermək. Borcunu geri qaytarmaq; 3) məc. qarşısını almaq, artmağa, inkişaf etməyə qoymamaq. Toxtaqlıq, təskinlik bədbəxt hadisəni geri qaytarmır. Ə.Vəliyev. Geri oturmaq - geri çəkilmək. Yağı geri oturdu. - [Düşmən] hər dəfə öz qara qanı içərisində boğulub geri otururdu. Ə.Məmmədxanlı. Geri oturtmaq - zor gələrək geri çəkilməyə, qaçmağa məcbur etmək, dala oturtmaq. Üsyançılar üzüm bağlarına doluşan və şəhərin ucqar dar küçələriylə irəliləmək istəyən bolşevikləri əzərək geri oturtdular. İ.Şıxlı. Geri(də) qoymaq - dalda buraxmaq, irəliləmək. Ələmdarlı bizi geridə qoyub özü irəli getdi, daşın dalına sinib dedi: - Kimsən, dayan! Mir Cəlal. Geri(yə) almaq - yenidən əldə etmək, almaq, özlərinə qaytarmaq. Kitabları geri almaq. - ..Osmanlı arvadları bir yerə cəm olub nitqlər söyləyiblər və and içiblər ki, paymal olan hüquq və ixtiyarlarını qanuni-əsasi vasitəsilə geri alsınlar. C.Məmmədquluzadə. Verilən ənamı geri almaq gədalıqdır. C.Cabbarlı. Geri(yə) atmaq (salmaq) - 1) dala atmaq, arxaya qatlamaq. Saçını geri atdı. - Şəmsiyyə qırmızı ipək paltarın ətəklərini geri ataraq kreslodan birisinə oturdu. M.İbrahimov; 2) məc. inkişafını saxlamaq, qarşısını almaq, mane olmaq. Onlar bilirdi(lər) ki, burada oturanların məhvi Iran inqilabını on illərcə geri ata bilər. M.S.Ordubadi. Geri(yə) baxmadan - üzünü dala çevirmədən, heç bir şeyə fikir vermədən, sürətlə. Geri baxmadan getmək. Geri(yə) çəkilmək - 1) dayandığı, durduğu yerdən dala çəkilmək, geri addımlamaq. Iki addım geri çəkilmək. Yoldan geri çəkil! - Şeyx Sədra itaət .. ilə geri çəkilir. H.Cavid. Müəllim gələn şagirdlərə yol vermək üçün geri çəkildi. Ə.Əbülhəsən; 2) düşmənin hücumuna davam gətirməyib öz mövqelərini tərk edərək çəkilmək. Düşmən geri çəkildi. - ..Yarım saat çəkmədi aralıqda beş-on köynək cırıldı və Hürzad tərəfi döyülmüş, söyülmüş geri çəkilib evdə qapandılar. Çəmənzəminli. Geri(yə) dönmək - 1) bax geri qayıtmaq. Gedənlər geri döndülər. [Şeyx Hadi:] Çarəsiz biz də Hindi tərk edərək; Geri döndük təəssüf eyləyərək. H.Cavid. Mirzə Cavad arvadının səsinə geri dönüb, oğlunun halətini görüb başladı söyləməyə. Ə.Haqverdiyev; 2) çevrilmək, dala baxmaq, arxaya dönmək. Əvvəl qışqırıq eşitdim, tez geri döndüm, o dəqiqə iki kölgə harasa yoxa çıxdı. H.Seyidbəyli. Geri(yə) getmək - 1) dala qayıtmaq, geri dönmək; 2) məc. arıqlamaq, zəifləmək. Uşaq günü-gündən geri gedir. - Ağabəy bir gün baxıb gördü, elə qız günü-gündən geri gedir. (Nağıl). [Sultan bəy:] Beş ildir ki, günü-gündən geri gedirəm. U.Hacıbəyov; // vəziyyəti getdikcə pisləşmək, ağırlaşmaq; yaxşılaşmamaq (xəstə haqqında). Xəstə geri gedir. - [Sona xanım:] Pəri, heç mənim halımı soruşma, bax, görürsən, gün-gündən geri gedirəm. Ə.Haqverdiyev. [Böyük oğlu:]
4 gün bu dərmanları atdı, kişi daha da geri getdi. Qantəmir; 3) bax geri qalmaq 3-cü mənada. Elə bil düşünür Sent-Ekzüperi: Ağıldan, əməldən geri qaldı səs; Bu qoca dünyamız hara gedir bəs? B.Vahabzadə. Geri(yə) istəmək - tələb etmək, bir şeyi təzədən əldə etməyə çalışmaq. Borcunu geri istəmək. - Zeynal ötəyə-bəriyə müraciət edib sabiq xidmətini geri istəyirdisə də, müvəffəq olmayırdı. S.Hüseyn. Geri(yə) salmaq - 1) bax geriyə çəkmək 2-ci mənada; 2) məc. yubatmaq, təxirə salmaq. Lətif hələ keçən il Bakıya getməli idi. Lakin bir hadisə onu bir il geri saldı. H.Seyidbəyli. Geridən baxmaq - seyrçi kimi uzaqdan baxmaq, yaxın durmamaq, qarışmamaq, iştirak etməmək, uzaq durmaq. Geridən baxma, kömək elə. - Ustalardan dərs al hərdən; Xeyrə-şərə baxma geridən. Aşıq Şəmşir. Geriyə çəkmək - 1) arxaya çəkmək, dala vermək, kənara çəkmək. Maşın gəlir, uşağı geri çək. - Şofer onun qolundan tutub geriyə çəkdi... M.Hüseyn; 2) məc. inkişafına, tərəqqisinə, irəliləməsinə mane olmaq. Köhnə adətlər xalqı geri çəkir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed