İzahlı lüğət

DÖYMƏK

f. 1. Əziyyət vermək, yaxud cəzalandırmaq üçün birini əl, yaxud başqa bir şeylə vurmaq; kötəkləmək, əzişdirmək. Xanım haqsız yerə [Sarıköynəyi] söyübdanlamağa, döyməyə, incitməyə başlayır. S.Hüseyn. [Qədir:] Öküzü döyməyə ürəyim gəlmir, bu vay-haray insanların qəlbini parçalamırdı? Mir Cəlal. Bəyin Camalı döydüyünü görən kəndlilər tökülüb gəldilər.. Ə.Abasov.
Çəkicin zərbi ilə müəyyən şəklə salmaq. Dəmiri döymək. - Dəmirçixanada dəmiri zindan üstə qoyub, ağır çəkic ilə döyəndə dəmir başlayır qızmağa. C.Məmmədquluzadə.
// Döyüb yayma üsulu ilə misdən, dəmirdən və s.-dən bir şey hazırlamaq, qayırmaq. Qazan döymək. Tava döymək. Nal döymək.
Bir şeyi bir şeylə vuraraq səs çıxarmaq, taqqıldatmaq. Darvazanı döymək. - Mirbağır ağa qulaq asmayıb qapını dəxi də bərk döyür. C.Məmmədquluzadə. [Şərifzadə:] ..Qapını döyən Zeynaldan başqası olmayacaqdır. S.Hüseyn. Xıdırlı kəndində bir qayda var, gecə əvvəlcə kimin qapısını döysən, gərək orada gecələyəsən. S.Rəhman.
məh. Vurmaq, döyəcləmək, çarpmaq. Dalğalar sahil qayalarını döyür. - Küləklər döydükcə al yanağını; Nədir gözlədiyin?
soruşuram mən. S.Vurğun. Ocaq sönür, yel əsir, yağış döyür səngəri; Yenə düşür yadıma ömrün ötən günləri. Ə.Cəmil.
// Bir müddət bir şeyi başqa bir şeyə üsulluca vurmaq, toxundurmaq. Həsən kişi çubuğu külqabına döyməyə başladı. M.İbrahimov. Sədr yenə də göy qələmlə masanı döyüb dedi:
Ay Səlim! Bir macal ver, xalq da danışsın. Ə.Vəliyev.
Müxtəlif alətlərlə biçilmiş taxılı, dəni sünbüldən ayırmaq. Qocaqurd mahalında buğdanı biçən kimi döyməzlər. Ə.Haqverdiyev. [Rəşid:] Qurbanqulu da quyunun yaxınlığında taxıl döyürdü. T.Ş.Simurq. Biçin vaxtı yetişdi. [Nadir] taxılını hamıdan qabaq biçdi, döydü, təmizlədi. B.Talıblı.
Üyütmək, narın hala salmaq. Badam, qoz ləpəsini həvəngdə döymək. İstiot döymək.
Qiymə etmək, qiymə halına salmaq (qiyməkeş və s. ilə). Ət döymək.
məc. Məğlub etmək, əzişdirmək, əzmək. Düşməni yaxşıca döydük.
Müəyyən üsulla bədənə bir maddə yeritmək.
□ Çiçək döymək - orqanizmə çiçək xəstəliyinə qarşı maddə daxil etmək. ..Əgər uşağa vaxt ikən çiçək mayasını döysən, dəxi bu uşağı çiçək naxoşluğu tutmaz... C.Məmmədquluzadə.
məh. dan. Etmək. Mərdan qiymət davası döymürdü. Ancaq pulu bərk yerdə idi. Mir Cəlal.
Arası kəsilmədən vurmaq, bombalamaq; topa tutmaq, gülləyə basmaq. Toplarımız düşmən səngərlərini döyürdü. - Eynüddövlənin topları xiyabanın hər tərəfini döyməyə başlamışdı. M.S.Ordubadi. Düşmən təyyarələri körpünü döyməsə də, tez-tez arxaya ötürdü. Mir Cəlal.
Bir sıra isimlərə qoşularaq müxtəlif ifadələr düzəldilir; məs.: ayaq döymək, döşünə döymək, gözlərini döymək, mürgü döymək.
döyə-döyə zərf Bir şeylə vura-vura, fiziki qüvvə işlədərək. Usta ağlaya-ağlaya fikrə getdi və birdən qalxıb başına döyə-döyə hönkürdü. Çəmənzəminli.
// məc. Zorla, zor gücü ilə, zor işlədərək. [Kərbəlayı Fərəc:] Sözün qurtaranı, məndən döyə-döyə dörd manat alıb yola saldılar. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed