Xalqımız 200 il ərzində ermənilərin etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalıb

Xalqımız 200 il ərzində ermənilərin etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalıb

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Xalqımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulub və bununla da Ermənistan monoetnik dövlətə çevrilib.

BunuAZƏRTAC-a açıqlamasında Azərbaycan Tibb Universitetinin baş müəllimi, “Qızıl Qələm” mükafatçısı Aidə Bəndəliyeva söyləyib. O bildirib ki, 1988-ci ildən Qarabağ ətrafında başlanan hadisələr erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Ermənilər 1986-1993-cü illərdə Azərbaycan vətəndaşlarına qarşı çoxlu terror törədiblər. Belə ki, bu illər ərzində ermənilər tərəfindən ard-arda Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndləri vəhşicəsinə işğal edilib. İşğal zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Yalnız bunu qeyd etmək kifayətdir ki, Xocalı soyqırımından bir neçə gün əvvəl 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalıb. Kəlbəcər rayonunun Ağdaban kəndlərinin işğalı zamanı da çoxsaylı mülki şəxslər, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə ilə qəddarcasına öldürülüb, onlarca mülki şəxs girov götürülüb və itkin düşüb. Bütün bu cinayətlərin cavabsız qaldığından ilhamlanan mənfur düşmən, nəhayət, XX əsrin ən böyük qətliamına imza atdı. Belə ki, Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında strateji məntəqədə yerləşən Dağlıq Qarabağın yeganə hava limanının yerləşdiyi Xocalı 1992-ci il fevralın ikinci yarısından başlayaraq, Ermənistan hərbi birləşmələri tərəfindən tam mühasirəyə götürüldü. Dinc sakinlərin dəstə halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhəri yerlə-yeksan edib. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur. Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçiriblər. Onların başının dərisini soyub, başlarını və bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxardıb, hamilə qadınların qarnını yarıblar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilib. Bütün bunlar Ermənistanın Cenevrə Konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı olduğunu təsdiqləyir. XX əsrin sonunda törədilmiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. Soyqırımı faktlarının və erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusi rol oynayıb.

“Təəssüflər olsun ki, mənfur düşmən törətdikləri bu amansız cinayət əməllərindən nəticə çıxarmadı. Əksinə, 2020-ci ildə döyüş meydanında məğlubiyyətə uğradıqlarını görərək Xocalı soyqırımının davamı kimi, Gəncəni, Bərdəni, Tərtəri və digər yaşayış məntəqələrimizi raket atəşinə tutaraq növbəti terror aktı törətdilər. Hazırda biz tariximizə XX əsrin ən dəhşətli faciəsi kimi yazılan Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsindəyik. Prezident İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımının ildönümü genişmiqyaslı tədbirlərlə qeyd edilir. Vətən uğrunda müharibəmizin 44 günü həqiqət anı kimi bütün qaranlıq məqamlara işıq saldı. Hazırda Qarabağda, işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq və bərpa işləri aparılır. İşğaldan azad edilmiş ərazilərimizi ziyarət edən, erməni silahlı qüvvələrinin törətdikləri cinayətlərdən dəhşətə gələn beynəlxalq təşkilatların nümayəndələri və digər xarici qonaqlar Qarabağ torpaqlarında heç yerdə görmədikləri faciənin, vandalizmin şahidi olduqlarını etiraf edirlər”, - deyə A.Bəndəliyeva vurğulayıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed