Təbriz Universiteti və BDU arasında Memorandum imzalanıb

Təbriz Universiteti və BDU arasında Memorandum imzalanıb

Avqustun 29-də Təbriz Universitetinin 70 illik yubileyi ilə əlaqədar təntənəli tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə İranın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

FaktXəbər-in "Azərtac"a istinadən məlumatına görə, tədbirdə İranın Elm və Tədqiqatlar Nazirliyinin nümayəndələri, parlamentin deputatları, Azərbaycanın Təbriz şəhərindəki baş konsulu Əliənnağı Hüseynov, Türkiyənin baş konsulu Çağlar Fəxri, Türkiyə, Gürcüstan və digər ölkələrin ali təhsil müəssisələrinin rəhbərləri ilə yanaşı, Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov və Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak ediblər.

Təbriz Universitetinin rektoru professor Rza Purməhəmmədi çıxış edərək rəhbəri olduğu təhsil ocağının tarixindən, fəaliyyətindən və beynəlxalq əlaqələrindən danışıb. Qeyd olunub ki, Təbriz Universiteti İranın yüksək səviyyəli təhsil ocaqlarından biridir. Universitetdə tarix, ədəbiyyat, fizika-riyaziyyat, kimya-biologiya, tibb, hüquq və başqa fakültələr fəaliyyət göstərir. Bu fakültələrdə hər il minlərlə peşəkar mütəxəssis hazırlanır. Təhsil müəssisəsinin məzunları öz bilik və bacarıqlarına əsaslanaraq ölkə həyatının bütün sahələrində təmsil olunurlar. Universitet İranın Şərqi Azərbaycan vilayətinin ictimai-siyasi və iqtisadi həyatında da önəmli rol oynayır.

Tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, son illər İran ilə Azərbaycan arasındakı münasibətlər bütün istiqamətlər, o cümlədən təhsil sahəsində də inkişaf edir. BDU Təbriz Universiteti ilə yanaşı, Tehran Universiteti ilə də sıx əməkdaşlıq əlaqələri yaradıb. Birgə proqramlar və qrantlar üzrə qarşılıqlı əlaqələr davam etdirilir, eləcə də tələbə mübadiləsi həyata keçirilir. Bunlarla yanaşı, doktorantlara birgə elmi rəhbərlik edilir.

Rektor diqqətə çatdırıb ki, yeni elmi layihələr həyata keçirilərək birgə tədqiqatlar aparılır. Nanotexnalogiyalar, ekologiya, molekulyar biologiya və başqa sahələrdə birgə layihələr üzrə elmi tədqiqat işləri davam etdirilir. Humanitar sahədə qarşılıqlı əməkdaşlığa toxunan Abel Məhərrəmov qeyd edib ki, uzun illərdir BDU-da fars dili və ədəbiyyatı üzrə böyük elmi məktəb yaradılıb. Elm sahəsində əməkdaşlıq xalqlarımızın tərəqqisinin əsasını yaradaraq onun inkişafına stimul verir. Cəmiyyətin inkişafında və yeni nəslin yetişməsində universitetlər mühüm rol oynayırlar. Qarşılıqlı əlaqələrin daim irəliləməsi ali məktəblərdə tədrisin və təhsilin keyfiyyətinə də müsbət təsir göstərir. Bu baxımdan Bakı Dövlət Universiteti 100 illik yubileyi ərəfəsində dünyanın bir çox ölkələrinin, o cümlədən İranın ali təhsil məktəbləri ilə əlaqələrini intensivləşdirmək və daha da inkişaf etdirmək niyyətindədir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Təbriz Universitetinin 70 illik yubileyində Azərbaycandan iki akademikin iştirak etməsini hər iki dövlət arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etməsinin bariz nümunəsi olduğunu diqqətə çatdırdı. Azərbaycan və İran prezidentlərinin siyasi iradəsinin nəticəsi olaraq bu gün hər iki ölkə arasındakı əlaqələr bütün sahələr üzrə, o cümlədən elm və təhsil sahəsində də inkişaf edir. Akademik İranın elmi mühitində Təbriz Universitetinin xüsusi yerinin olduğunu bildirib. Qeyd edib ki, uzun illər aparılan elmi tədqiqatların nəticəsidir ki, bu gün Təbriz Universitetinin müəllimlərinin məqalələri dünyanın nüfuzlu elmi jurnallarında dərc olunur. Təbriz Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında yaradılan əlaqələrin tarixinə nəzər salan akademik İsa Həbibbəyli qeyd edib ki, bu əlaqələr universitetlərin futbol komandalarının oyunundan başlayıb. Bu gün isə hər iki universitet birgə elmi layihələr və tələbə mübadiləsi həyata keçirir. Tarixi ənənələrə malik olan Təbriz Universitetində yüksək səviyyəli kadrlar hazırlanır. Bu təhsil ocağı təsadüfən belə bir yüksək səviyyəyə çatmayıb. Universitetin inkişafında bir sıra alimlər, o cümlədən də Rza Purməhəmmədi əhəmiyyətli rol oynayıb. Ömrünün 20 ilini universitetə rəhbərlik etməkdə keçirən professor Rza Purməhəmmədi İranda savadlı və geniş dünyagörüşünə malik yeni nəslin yetişməsinə nail olub. Məhəmmədhüseyn Şəhriyarın, Şəms Təbrizin yubiley tədbirlərinin birgə keçirildiyini deyən İsa Həbibbəyli Azərbaycanın ali təhsil müəssisələri ilə Təbriz Universiteti arasında əməkdaşlığın davam edəcəyini bildirib.

Yubiley tədbiri çərçivəsində universitetlər arasında qarşılıqlı elmi əlaqələri daha da inkişaf etdirmək üçün BDU rektoru akademik Abel Məhərrəmov və Təbriz Universitetinin rektoru professor Rza Purməhəmmədi “Əməkdaşlıq Haqqında Memorandum” imzalayıblar.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed