İnzibati icraçı vəzifələr üzrə test imtahanının nəticələri açıqlanıb

İnzibati icraçı vəzifələr üzrə test imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə fevralın 12-də keçirilmiş test imtahanının nəticələri açıqlanıb.

DİM-dənAZƏRTAC-a bildirilib ki, imtahan nəticələri bu gün saat 17:05-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2212 namizəddən 44 nəfər imtahana gəlməyib, 1 nəfər üzərində mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 5 nəfər, BA2 altqrupu üzrə 21 nəfər, BA3 altqrupu üzrə 42 nəfər, BA4 altqrupu üzrə 62 nəfər, BB1 altqrupu üzrə 75 nəfər, BB2 altqrupu üzrə 114 nəfər, BB3 altqrupu üzrə 196 nəfər, BB4 altqrupu üzrə 237 nəfər olmaqla, ümumilikdə 752 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün fevralın 14-dən 27-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

ali təhsil haqqında sənədin surəti;

əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər fevralın 14-ü saat 12:00-dan fevralın 16-ı saat 17:00-dək DİM-in saytında elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Apellyasiya prosesi onlayn formada "Zoom" proqramı vasitəsilə təşkil edilir. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed