İnstitutda “Beyin və davranış laboratoriyası” yaradılıb

Dekabrın 22-də Psixologiya Elmi-Tədqiqat İnstitutunda "Beyin və davranış laboratoriyası”nın açılış mərasimi keçirilib.

AMEA-danAZƏRTAC-a bildirilib ki, əvvəlcə qonaqlar laboratoriya ilə tanış olublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov tədbiri açaraq bildirib ki, institutun, eləcə də ölkəmizin psixologiya tarixində əlamətdar bir gündür. Sədr vurğulayıb ki, “Beyin və davranış laboratoriyası”nın yaradılmasında məqsəd eksperimental tədqiqatlar aparmaq, əldə olunan nəticələri beynəlxalq nüfuzlu elmi jurnallarda çap etdirmək, peşəkar kadr potensialının hazırlanmasını həyata keçirməkdir. Elnur Rüstəmov həmçinin qeyd edib ki, Psixologiya Elmi-Tədqiqat İnstitutu əlavə təhsil müəssisəsi olaraq Elm və Təhsil Nazirliyi ilə birgə psixoloq və təhsilverənlərin ixtisasartırma təlimlərində fəal iştirak edir. İnstitutun fəaliyyətindən bəhs edən sədr bildirib ki, institut indiyədək bir neçə yerli və beynəlxalq elmi konfrans, simpoziumlar, məktəb psixoloqlarının II ümumrespublika konfransı və bir çox elmi tədbirlər təşkil edib. Elnur Rüstəmov dörd kitab, beş metodik vəsaitin hazırlandığını, dörd məqalənin yüksək indeksli elmi jurnallarda dərc edildiyini və bu işlərin uğurla davam etdiyini diqqətə çatdırıb.

BSU-nun rektoru Anar Nağıyev çıxış edərək psixologiya sahəsində bir çox elmi nailiyyətlər əldə etmiş institutun fəaliyyətini yüksək qiymətləndirib. Rektor vurğulayıb ki, hazırda ölkəmizdə psixologiya sahəsinə maraq böyükdür, ona görə də bu sahədə peşəkar kadr hazırlığına ehtiyac var. Anar Nağıyev qeyd edib ki, yaxın günlərdə Bakı Slavyan Universiteti ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı barədə memorandumun imzalanması nəzərdə tutulur. Rektor laboratoriyanın ölkəmizdə psixologiya sahəsində mühüm yeniliklərə yol açacağına, əsaslı elmi araşdırmalara imkan yaradacağına əminliyini ifadə edib və kollektivə uğurlar arzulayıb.

Daha sonra Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Nadir Əlirazlı, uzman klinik psixoloq Narınc Rüstəmova, Nəzəri və eksperimental psixologiya şöbəsinin müdiri, dosent Məhərrəm Əliyev təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, “Beyin və davranış laboratoriyası” müasir psixologiya sahəsində tətbiq olunan “QEEG-Quantitative” (Rəqəmsal) Elektroensefaloqramma, “Neurofeedback”, “Neurofeedback robotu”, “Biofeedback”, “tDCS-Transkranial Birbaşa Cərəyan Stimulyasiyası”, “Virtual Reallıq – VR”, “BETA ALFA”, “Beta One və ya liTMS” və digər ən müasir aparatlarla təchiz olunub.

  • Paylaşmağı unutma

Səhr yaz

......