Gender yönümlü təhsil resursları ilə bağlı yol xəritəsi hazırlanıb

Gender yönümlü pedaqogika üzrə təhsil resurslarının tədris kurikulumlarına inteqrasiyası ilə bağlı yol xəritəsi hazırlanıb.

Bu barədə"Report"a "Regional İnkişaf" İctimai Birliyindən məlumat verilib.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında "Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində “Azərbaycanda genderə həssas məktəblərin təşviqi: Gender yönümlü pedaqogika” mövzusunda təşkil edilmiş dəyirmi masada gender yönümlü pedaqogika üzrə hazırlanmış təhsil resurslarının tədris kurikulumlarına inteqrasiyası ilə bağlı yol xəritəsi hazırlanıb.

Aidiyyəti dövlət qurumlarının, pedaqoji kadr hazırlayan ali və orta ixtisas təhsil müəssisələrinin, beynəlxalq və qeyri-hökümət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbir layihə çərçivəsində hazırlanan gender pedaqogikası üzrə məzmunun pedaqoji kadr hazırlayan ali və orta ixtisas təhsil müəssisələrinin kurikulumuna inteqrasiyasını təşviq etmək məqsədilə həyata keçirilib.

"Regional İnkişaf” İctimai Birliyinin “Genderə həssas məktəblərin təşviqi” layihəsinin rəhbəri Zərifə Məmmədli çıxış edərək, ölkədə təhsil sahəsində görülən işlərə dəstək məqsədilə İctimai Birliyin yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq əsasında həyata keçirdiyi layihələrdən danışıb, bu tədbirlərin davamı olan bugünkü müzakirələrin əhəmiyyətinə diqqət çəkib. Z.Məmmədli layihə çərçivəsində ali və ümumi təhsil müəssisələrində çalışan müəllimlərin genderə həssas pedaqogika üzrə bacarıqlarının artırılması, məktəb icması və geniş ictimaiyyət arasında gender məlumatlılığının artırılması istiqamətində görülən işlər haqqında məlumat verərək, müvafiq tədris proqramlarına inteqrasiyası nəzərdə tutulan materialların təhsil müəssisələrində genderə həssas mühitin təkmilləşdirilməsində faydalı olacağına inandığını bildirib.

Təhsil İnstitutunun Layihələrin idarə olunması şöbəsinin müdiri Nailə Ömərova diqqətə çatdırıb ki, genderə həssas və keyfiyyətli təhsil sisteminin yaradılması yolunda ən effektiv vasitələrdən biri təhsil proqramlarının xüsusi kontekstə və ehtiyaclara uyğunlaşdırılması və müvafiq hədəf qruplarının təlimləndirilməsidir. Layihə çərçivəsində hazırlanan gender yönümlü pedaqogika məzmunu genderə həssas təhsil mühitinin formalaşması, müəllimlərin genderə həssas metodologiyalar barədə məlumatlılığının artırılmasında vacib əhəmiyyətə malikdir. Həmçinin hazırlanan məzmunun pedaqoji təhsilin kurikulumuna inteqrasiyası istiqamətində aparılan işlər, təcrübələr və bu sahədə atılacaq addımlar barədə də tədbir iştirakçılarına məlumat verilib.

Layihə üzrə əsas tərəfdaş universitetlərdən biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov öz çıxışında sosial həyatın bütün istiqamətlərində, xüsusilə də təhsil sahəsində gender bərabərliyinin təmin olunmasının mühüm əhəmiyyət daşıdığına diqqət çəkib. Xüsusilə də öyrənmə prosesində keyfiyyətin yüksəlməsi üçün gender pedaqogikasının əhəmiyyətli rolu, bu baxımdan ənənəvi pedaqogikadan gender pedaqogikasına keçid və genderə həssas mühitin formalaşdırılmasının vacib şərt hesab olunduğunu qeyd edib.

Daha sonra təhsildə genderə həssas mühitin yaradılması və bu sahədə görülən işlər, gender pedaqogikası üzrə məzmunun tədris kurikulumuna inteqrasiyası yolları və atılacaq növbəti addımlar barədə ətraflı müzakirələr aparılıb.

Müzakirələrin nəticəsi olaraq təhsil siyasətindəki bərabərlik prinsipinin diqqətdə saxlanması, orta təhsil müəssisələrində gender bərabərliyinin təşviqi üçün pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi, müəllimlər üçün ixtisasartırma təhsilində gender pedaqogikasının proqrama daxil edilməsi, dərsliklərin qiymətləndirilməsi zamanı gender aspektinin nəzərə alınması, məktəbəqədər təhsildə də gender yönümlü pedaqogikanın tətbiqi, həmçinin gender pedaqogikası ilə bağlı müəllimlərin təlimləndirilməsində ali təhsil müəssisələrinin “Regional İnkişaf” İctimai Birliyi ilə əməkdaşlığının genişləndirilməsi və digər vacib məsələlərlə bağlı təkliflər qeydə alınıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed