Avtomatik idarəetmə sahəsində elmi məktəb yaratmış görkəmli alim - Əsgər Abdullayev

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu və Moskvada yaşayan Azərbaycanlıların Milli-Mədəni Muxtariyyət təşkilatının dəstəyi ilə AMEA-nın müxbir üzvü, professor Əsgər Abdullayevin həyat və yaradıcılığına həsr olunmuş onlayn konfransda çıxış edib.

AZƏRTACxəbər verir ki, alim Ə.Abdullayevin Azərbaycan elminə verdiyi töhfələrdən danışıb, eyni zamanda, görkəmli alimlə bağlı xatirələrini bölüşüb.

Akademik Rasim Əliquliyev Azərbaycanda avtomatik idarəetmə nəzəriyyəsi və neft-qaz sənayesinin avtomatlaşdırılması sahəsində tanınmış alim Əsgər Abdullayevin bu istiqamətdə yüksəkixtisaslı kadrların yetişdirilməsi, elmi tədqiqatların əsasının qoyulması, eləcə də xüsusi bir elmi müəssisənin yaradılması kimi çətin və şərəfli missiyanı uğurla yerinə yetirdiyini qeyd edib.

Akademik diqqətə çatdırıb ki, ötən əsrin 50-ci illərindən başlayaraq Azərbaycanda bir sıra gənc alim və mütəxəssislər SSRİ-nin müxtəlif aparıcı ali təhsil ocaqlarına göndərilib, qayıtdıqdan sonra ölkəmizdə müvafiq sahələrdə elmi məktəblərin əsasını qoyublar. 1949-cu ildə professor Əsgər Abdullayev də Moskvada Avtomatika və Telemexanika Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olub, 1953-cü ildə namizədlik və 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.

Zəngin elmi-nəzəri və pedaqoji fəaliyyəti ilə yanaşı, professor Ə.Abdullayev həm də avtomatika və idarəetmə sahəsində müxtəlif kitab və dərsliklərin müəllifidir. Onun Azərbaycan dilində yazılmış “Avtomatik tənzimləmə” kitabı indiyədək ali məktəb tələbələrinin əsas tədris vəsaitlərindəndir. Professor Ə.Abdullayev Azərbaycanda neft mədənlərinin kompleks avtomatlaşdırılması üçün avtomatik idarəetmə sistemlərinin yaradılması və geniş tətbiqi üzrə mühüm işlər görüb, bu sahədə elmi məktəb yaradıb. Onun rəhbərlik etdiyi “Neftqazavtomat” Elmi-Tədqiqat Layihə İnstitutunun kollektivinin işləyib hazırladıqları intellektual sistemlər, avtomatik qurğular həm ölkə daxilində, həm də digər Sovet ölkələri və onun hüdudlarından kənarda geniş şəkildə tətbiq olunub.

“Professor Ə.Abdullayev 50 illik elmi fəaliyyəti dövründə Azərbaycanda müxtəlif təyinatlı informasiya-hesablayıcı sistemlərinin də əsasını qoyub. Həmin ideyalar zaman keçdikcə müasir texnologiyaların meydana gəlməsi ilə daha da aktuallaşır, alim və mütəxəssislərdən yeni yanaşma tələb edir”, – deyə alim əlavə edib.

Ulu Öndər Heydər Əliyevin ölkəmizdə avtomatik sistemlərin yaradılması, informatika elminin inkişafı və neft-qaz sənayesində qabaqcıl texnologiyaların tətbiqinə xüsusi önəm verdiyini söyləyən akademik R.Əliquliyev onu da əlavə edib ki, Ümummilli Lider professor Ə.Abdullayevin elmi fəaliyyətinə hər zaman diqqət və qayğı ilə yanaşıb, onun həyata keçirdiyi ideyaları və innovativ layihələri daim dəstəkləyib. Böyük alim Azərbaycanda texnika sahəsində ilk dəfə SSRİ Dövlət Mükafatı laureatı olub, həmçinin Əməkdar mühəndis adına layiq görülüb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed