AMEA-nın yeni Nizamnaməsinin layihəsi

AMEA-nın yeni Nizamnaməsinin layihəsi Akademiyanın Ümumi yığıncağına tövsiyə edilib.

"Report"xəbər verir ki, bu barədə AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən növbəti iclasında qərar müzakirə edilib.

AMEA-nın yeni Nizamnamə layihəsi barədə çıxış edən AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli ölkə başçısının “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərman imzaladığını xatırladıb.

O qeyd edib ki, sözügedən sənədin icrasından irəli gələrək və Azərbaycan Respublikasının maraqları, milli prioritetləri və inkişaf strategiyası, dünya elminə inteqrasiya, elm və təhsilin qarşılıqlı əlaqəsi əsas götürülərək yeni çağırışlara cavab verən, AMEA-nın digər qurumlarla münasibətlərini tənzimləyən 14 maddə və 228 bənddən ibarət olan Akademiyanın yeni Nizamnaməsinin layihəsi hazırlanıb. Onun sözlərinə görə, yeni Nizamnamə layihəsində Akademiyanın strukturu, vəzifələri və hüquqları, Akademiyanın Ümumi yığıncağının, Rəyasət Heyətinin, elmi bölmələrin, regional elmi mərkəzlərin, elmi müəssisələrin fəaliyyət istiqamətləri, Akademiyaya seçkilər, elmi fəaliyyətin istiqamətləndirilməsi və s. kimi məsələlər əksini tapıb.

Həmçinin Humanitar və İctimai Elmləri əhatə etməklə dövlət ideologiyasının elmi əsaslarını müəyyən edən və cəmiyyətdə azərbaycançılıq düşüncəsinin, milli-mənəvi dəyərlərin inkişaf etdirilməsinə xidmət edən maddələrin də Nizamnamə layihəsində öz əksini tapdığı vurğulanıb.

İ.Həbibbəyli çıxışının sonunda qeyd edib ki, Akademiya ölkəmizin dövlət tərəfindən müəyyən edilmiş milli prioritetlərinə və inkişaf strategiyasına xidmət etməlidir və AMEA-nın bu əsasda yenidən qurulması zəruridir.

Məsələ ilə bağlı çıxış edən akademik Arif Həşimov bildirib ki, AMEA-nın yeni Nizamnaməsinə əsasən Akademiya Azərbaycan elminin dayanıqlılığı, dünya nailiyyətlərinə uyğun inkişafı, dövlətin elmi və elmi-texniki inkişafına uyğunlaşdırılması, elm sahəsində normativ hüquqi aktlara və dövlətin tərəfdaş çıxdığı sənədlərə rəylərin verilməsi, dövlət orqanlarının elmi müəssisələrinin istiqamətləndirilməsi üzrə məsləhət verən dövlətin akademik elmi təşkilatıdır.

Akademik Arif Həşimov yeni Nizamnamənin AMEA-nın müasir dövrün çağırışlarına uyğun fəaliyyətini yenidən təşkil etməsində və ölkəmizdə aparılan tədqiqatların respublikamızın milli maraqlarına uyğunlaşmasında başlıca hüquqi sənədlərdən olacağını deyib və yeni Nizamnamənin layihəsinin baxılması üçün müvafiq dövlət orqanlarına göndəriləcəyini diqqətə çatdırıb.

Daha sonra akademiklər Rasim Əliquliyev, Tofiq Nağıyev, Adil Qəribov və Fikrət Əliyev çıxış edərək AMEA-nın yeni Nizamnamə layihəsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov və Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli səsləndirilən təkliflərə öz münasibətlərini bildiriblər.

Müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə AMEA-nın yeni Nizamnaməsinin layihəsi Akademiyanın Ümumi yığıncağına tövsiyə edilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed