Akademik Budaq Budaqovun 95 illik yubileyi qeyd edilib

Akademik Budaq Budaqovun 95 illik yubileyi qeyd edilib

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda böyük coğrafiyaşünas alim, Əməkdar elm xadimi, coğrafiya elmləri doktoru, akademik Budaq Budaqovun 95 illik yubileyi qeyd edilib.

İnstitutdanAZƏRTAC-a bildirilib ki, baş direktor Zakir Eminov görkəmli alimin elmi və ictimai fəaliyyətindən söhbət açıb. O bildirib ki, Azərbaycan coğrafiya elminin inkişafında müstəsna rolu olan alimlərimizi yada salmaq, yubileylərini qeyd etməklə onların əməyini dəyərləndirmək, zəngin elmi irsini sonrakı nəsillərə çatdırmaq vacibdir. Bu baxımdan akademik Budaq Budaqovun irsinin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Elmi fəaliyyətinin coğrafiyanın bir çox sahəsini əhatə etdiyini vurğulayan baş direktor akademikin Azərbaycanda müasir coğrafiyanın geomorfologiya, landşaftşünaslıq və toponimika elmi məktəblərinin banilərindən olduğunu diqqətə çatdırıb. Bildirilib ki, ensiklopedik təfəkkürə malik olan akademik B.Budaqovun təşəbbüsü və rəhbərliyi ilə respublikanın ayrı-ayrı təbii regionlarında böyük və orta miqyaslı landşaft xəritələşdirilməsi aparılıb. Alim Azərbaycanda geomorfoloji xəritələşdirmə prinsiplərinin hazırlanmasının bünövrəsini qoyan ilk tədqiqatçılardan biridir. Onun Böyük Qafqazın ayrı-ayrı hissələri üçün ilk dəfə tərtib etdiyi iri miqyaslı geomorfoloji xəritələr elmə verilmiş çox böyük töhfələrdir. Geomorfoloq alimin tədqiqat apardığı müxtəlif dövrlərdə çap etdirdiyi yüzlərlə elmi məqalə, monoqrafiya və xəritələri, xüsusilə də təbii dağıdıcı proseslərə - sellərə, sürüşmələrə, zəlzələlərə və həmçinin ekoloji gərginlik problemlərinə həsr olunmuş əsərləri ölkədə yerinə yetirilən mühəndis geomorfoloji, meliorasiya, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı işlərində dəfələrlə istifadə edilib. O, həmçinin təbiəti mühafizə və ekologiya problemləri üzrə çoxsaylı monoqrafiyaların, elmi məqalələrin müəllifidir.

Sonra Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov “Akademik Budaq Budaqov – 95” adlı məruzə ilə çıxış edib.

İnstitut əməkdaşları – coğrafiya elmləri doktorları Rza Mahmudov, Səid Səfərov, Nəriman Paşayev, Yelena Tağıyeva, coğrafiya üzrə fəlsəfə doktorları Sevil Quliyeva, Ənvər Əliyev, Natiq Babayev, elmi işçi Luiza Salayeva çıxış edərək görkəmli alim haqqında xatirələrini bölüşüblər.

Sonda Budaq Budaqov kimi korifey alimlərin mühüm elmi nəticələrini, fundamental nailiyyətlərini gələcək nəsillərə çatdırmaq məqsədilə institut tərəfindən “Azərbaycan coğrafiyasının nailiyyətləri və müasir problemləri” mövzusunda kitabın hazırlanması qərara alınıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed