Xərçəng bu heyvanlardan uzaq durur
Böyük görkəmə malik olmalarına baxmayaraq, fillər çox nadir hallarda xərçəng xəstəliyinə düçar olurlar.
Alimlər bunun sirrini aşkar etdiklərini bildiriblər. Sən demə, məsələ genlə bağlı imiş. Fillərdə p53 geninin 38 surəti var ki, onlar şiş yaranmasının qarşısını alır.
Amerika Tibb Assosiasiyasının gəldiyi nəticəyə görə, insanlarda bu genlərin yalnız iki surəti var. Başqa sözlə, fillərin orqanizmində şişlərin formalaşmasına mane olan xeyli sayda gen surətləri var.
Bunu üzə çıxarmaq, 50-70 il həyat sürən fillərin orqanizmini tədqiq etmək üçün alimlərə illər lazım gəlib. Çünki insanla müqayisədə bu heyvanların xərçəng riski yaradan hüceyrələri həddən artıq çoxdur. Araşdırma nəticəsində bəlli olub ki, fillərin 5 faizdən də azı xərçəng xəstəliyi səbəbindən ölür. İnsanlarda bu rəqəm 11-25 faizdir.
Tədqiqatçılar ümid edirlər ki, onların gəldiyi bu nəticə bir gün insanlar arasında yeni xərçəng terapiyasının da tapılmasına yardımçı olacaq. Amma Londondakı Xərçəng Araşdırmaları İnstitutundan Mel Greaves düşünür ki, bu gün heç də yaxın deyil. Onun fikrincə, əslində, niyə məhz insanlarda xərçəngə tutulma faizinin bu qədər yüksək olması aydınlaşdırılmalıdır.
"Adaptiv sistemlər baxımından, biz şimpanzedən fərqlənmirik, amma xərçənglə onlardan qat-qat çox xəstələnirik. Məncə, insanlar unikal növdür, onlarda sosial təkamül prosesi olduqca sürətlidir", - mütəxəssis deyib.(publika.az)