İzahlı lüğət

ŞƏR

is. [ər.] 1. Pislik, yamanlıq, fənalıq, pis iş. Xeyir və şər. - Şər deməsən, xeyir gəlməz. (Ata. sözü). Dünyanın gərdişindən; Təng oldum hər işindən; Mərdin başı qal çəkir; Namərdin şər işindən. (Bayatı). Bəxtəvər başına sənin, ey rəqib; Xeyir sənə qismət oldu, şər mənə. Q.Zakir. [Cümrü Ağamalı] xeyir və şərdə can-başla iştirak edərdi. H.Sarabski.
2. Böhtan, iftira, fitnə, intriqa; xata, xatabala. [İmamverdi nəvəsinə:] Yox, daha səni orada qoymaq olmaz. Mən azarlıyam, durmağa taqətim yoxdur, səni o iki şeytanın şərindən mühafizə etməyi bacarmıram. S.S.Axundov. Vaqonlar [Rübabəni] götürüb, sanki Gəldiyevin şərindən uzaqlaşdırmaq üçün yeyinlədilər. Mir Cəlal. □ (Üstünə) şər atmaq - üstünə böhtan atmaq. [Gülnisə:] Yalandır, atamın canı üçün yalandır; üstümə nahaqdan şər atırlar. Ə.Haqverdiyev.
[Süleyman Heydərquluya:] Sən canını qurtarmaq üçün gərək Abbasın üstünə bir şər atasan. M.İbrahimov. Şərə düşmək - dayanıb durduğu yerdə, nahaqdan böhtana, iftiraya məruz qalmaq, böhtana düşmək. Şərə düşmək qəfil gülləyə düçar olmaq kimidir. Ə.Vəliyev. Şərə salmaq - iftira edərək, böhtana salaraq dolaşdırmaq. [Vəzir:] ..Bir təhər elə, onu şərə sal, öldürək. “Qurbani” .
sif. Böhtançı, iftiraçı, fitnəçi, intriqaçı, xatakar. Şər adamdır, ondan uzaq ol.
□□ Şər qarışmaq (qovuşmaq) - qaranlıqlaşmaq, qaranlıq düşmək, qaş qaralmaq. Şər qovuşanda dəstə kəndə çatdı. - [Tahir:] Maşınımın təkəri partlamışdı, dəyişdirib təzəsini taxanacan şər qarışdı. M.Hüseyn. Şər qarışanda məscid həyətinə otuza qədər gənc yığılmışdı. Mir Cəlal. Axşam şər qarışıb, qaş qaralanda; Şairin qapısı döyüldü birdən. B.Vahabzadə. Şəri başdan uzaqlaşdırmaq xata-balanı özündən uzaqlaşdırmaq, gözlənilən böhtanın, iftiranın qarşısını almaq, özünü xətərsizləşdirmək. [Salonda] səslər eşidilməyə başlandı: - Bir gədənin birinə əlli manat verə bilməzsiniz ki, bir gecənin içində şərini başınızdan uzaqlaşdırsın. M.S.Ordubadi. [Yaşlı kişi:] Mən onu qovub şərini başımdan uzaqlaşdırmalı idim. S.Hüseyn. Xeyirə-şərə yaramaz - bax xeyir-şər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed