İzahlı lüğət

KÖK5

Adətən tərkiblərdə işlənib, xarici görünüş, vəziyyət, hal, halət mənasını verir. Pis kökdə görmək (pis vəziyyətdə görmək). Öz kökünə qoymaq (özü kimi etmək). [Mahmud:] Adəmi behiştdən qovdular, onlar da düşdülər mən kökə. Ə.Haqverdiyev. [Möhsün:] Musa, gətir, bu kökdə şəklimizi çəkdir. Mir Cəlal.
□□ ...kökə qoymaq- b a x ...kökə salmaq.
Bilmirəm niyə belə oldu? Bu oxumaq səni nə kökə qoydu? S.Rəhimov. ...kökə düşmək
...vəziyyətinə, ...halına düşmək. Belədir qayda, nəhayət, düşəcəkdir bu kökə... S.Rüstəm. Mahmudun .. sənədləri, kim bilir, nə kökə düşmüşdür. Ə.Əbülhəsən. ...kökə salmaq - ...vəziyyətinə, ...halına, ...şəklinə (...vəziyyətə, ...hala, şəklə) salmaq. Pis kökə salmaq. - [Tacirlərdən biri:] Başına dönüm, Qaçaq Nəbi, bizim var-yoxumuzu əlimizdən alıb, özümüzü də bu kökə saldı. “Qaçaq Nəbi”. [Ələsgər:] A boyunu yerə soxum, beyni olan da iki arvad alıb, özünü bu kökə salarmı? Ə.Haqverdiyev. Yığışıb min dənə şeytan balası hər tükünə; Istəyirsən məni də lap salasan öz kökünə? Ə.Nəzmi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......