Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist

Hər müəllim üçün gərəkli metodiki vəsait çap olundu

Həmkara dəstək” müəllimlərin sınaq qiymətləndirilməsinə hazırlıqla bağlı 750 testi, Kurikulum nəzəriyyəsinin sadə dillə izahını özündə birləşdirir.

Həmişə olduğu kimi, müsir dövrümüzdə də təhsil sistemimizin qarşısında dayanan ən mühüm vəzifə cəmiyyətimiz üçün hərtərəfli hazırlığa malik vətəndaş yetişdirməkdən ibarətdir. Bu mühüm vəzifəni bütün dövrlərdə çiyinləri üzərində daşıyan təbii ki, müəllimlər olmuşdur. Yalnız bu işi o müəllimlər yüksək səviyyədə həyata keçirməyi bacarmışlar ki, onlar zamanın inkişaf dinamikası ilə ayaqlaşa, onu izləyə, təhsil, təlim-tərbiyə prosesini dövrün inkişafı kontekstində tətbiq edə bilmişlər. Əlbəttə ki, müəllimin müasir dövrün irəli sürdüyü təlim-tərbiyə prinsiplərinin metodoji əsaslarına yiyələnməsi bu baxımdan mühüm əhəmiyyət təşkil edir. Müəllimin qeyd etdiyim əsaslara yiyələnməsi, yenilikləri öyrənməsi, bununla da pedaqoji prosesi dövrün tələbləri səviyyəsində təşkil etməsi yalnız özünün fəaliyyəti ilə bağlı olan bir məsələ deyildir. Bu iş elmi-pedaqoji dairlərdə sistemli şəkildə aparılmalı, fundamental elmi tədqiqat işlərinin nəticəsi kimi meydana çıxmalı, praktik müəllimlərin özlərinin bu işdə metodiki təcrübəsi nəzərə alınmalı, nəhayətdə müəllimin masası üzərinə dövrün təlim-tərbiyə prinsiplərini özündə cəmləşdirən vəsait gəlib çıxmalıdır. Etiraf edək ki, bu gün belə vəsaitlərin qıtlığı hiss olunmaqdadır. Müəllimlərin təlim-tərbiyə prosesini yeni təhsil proqramlarının (kurikulumların) prinsipləri əsasında həyata keçirmələri bir sıra çətinliklərlə müşaiyət olunur. Müəllimlərin bu barədə söylədikləri ilə bərabər, müşahidə etdiyim dərslərdə də bunun şahidi olmuşam. Şübhə yoxdur ki, hər bir fəaliyyətin əsasında elmi baza dayanmalıdır. Yalnız bu elmi bazaya yiyələndikdən sonra fəaliyyətin yüksək səviyyədə həyata keçirilməsi mümkündür. Lakin təəssüflə qeyd etməliyəm ki, artıq 8 ilə yaxın müddət ərzində tətbiq olunmasına baxmayaraq, müəllimlərin yeni proqramın-kurikulumun tələblərinə əsaslı şəkildə yiyələnməsi mümkün olmamışdır. Düşünürəm ki, bu problemin aradan qaldırılması pedaqoji kadr hazırlığı, fundamental elmi-tədqiqat işləri, müəllimlərin özlərinin yaradıcılıq potensiallarını meydana qoyması, nəhayətdə toplanacaq zəngin təcrübə ilə bağlıdır.

Bakının Xəzər rayonundakı 230 nömrəli tam orta məktəbin direktrou Elşən Qafarovla həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ləman Babayevanın birgə hazırladıqları “Həmkara dəstək” adlı metodik vəsait müəllimlər üçün praktik əhəmiyətliliyi ilə yanaşı, elmi dəyəri ilə də diqqətimi cəlb etdi. Vəsaitin ilkin olaraq qeyd edəcəyim üstünlüyü ondan ibarətdir ki, sadə, anlaşıqlı dillə yazılmaqla, oxumağa həvəs, stimul yaradır. Uzun-uzadı cümlələr, çətin elmi fikirər, təhlillər bu vəsaitin məzmununa yaddır. İrəli sürülən məsələlər, fundamental elmi dəyəri olan problemlər sadə dildə izah olunmaqla, oxucunun ixtiyarına verilir. Tərtibçilər vəsaitdə kurikulum anlayışını, kurikulum islahatını zəruri edən səbəbləri, təhsil islahatlarının mərhələlərini, təhsil islahatları ilə bağlı dövlət sənədlərini, fənn kurikulumlarının səciyyəvi cəhətlərini, kurikulum və ənənəvi tədris proqramı, məzmun standartlarının quruluşu və müəllimlərə gərəkli olan digər mühüm məsələləri şərh etməklə, əslində həm elmi, həm də təcrübi mahiyyətli bir iş meydana gətirə bilmişlər. Fəal təlimin formaları, üsulları, üstünlükləri, onun əsas mexanizmləri barəsində irəli sürülən fikirlər, göstərilən metodiki qaydalar, eləcə də fəal təlimin ənənəvi təlimlə müqayisəli təqdimatı vəsaitin praktik mahiyyətini artırır. Bu həm də onu deməyə əsas verir ki, tərtibçilər vəsaiti hazırlayarkən ənənəvi təlimin mahiyyətindən yan keçməmiş, onun müasir bazanın yaranmasındakı rolunu nəzərə almışlar.

Vəsaitdə pedaqoji-psixolji məsələlərə yer verilməsi də diqqətəlayiqdir. Müasir dövrdə psixopedaqoji məsələlər aktuallıq kəsb etməklə, şagird fəallığının, uğurların təmin olunmasında əsas qüvvəyə çevrilmişdir. Bu qüvvə həm də müəllimlərin tədris prosesində işini stimullaşdıran amillərdəndir. Məlumdur ki, tədris prosesi yalnız müəllimin pedaqoji savadlılığı ilə yüksək nəticələrin əldə olunmasını ehtiva etmir. Müəllimin psixoloji hazırlığı təlimdə mühüm şərtdir və tərtibçilər vəsaitdə müəllimlərə bu barədə müəyyən məlumat ötürməklə, onları psixo-pedaqoji biliklərə yiyələnmək istiqamətində stimullaşdırırlar.

Mənim fikrimcə, Elşən Qafarovla Ləman Babayeva hazırladıqları bu vəsaitlə həm də müəllimin masası üzərinə “Müsair dərsi necə qurmaq, onu necə planlaşdırmaq, şagirddə hansı mənəvi keyfiyyətləri və necə formalaşdırmaq, həyat prisip və amallarını necə aşılamaq? və s.” kimi sulların cavablarını gətirirlər. Müəllimin yaradıcı, inteqrativ fəaliyyətinin yollarını göstərirlər. Doğrudur, hər bir müəllim fəaliyyətdə sərbəstdir. Müəllimin hər hansı bir mövzunun tədrisində hansı metodu, üsulu tətbiq edəcəyini mütləq tələb kimi qarşıya qoymaq olmaz. “Həmkara dəstək” də bunu ehtiva etmir. O sadəcə xatırladır, öyrədir, yol göstərir. Müəllimin nəyi, necə, harada tətbiq etməsini yaradıcılıqla açıqlayır. Təbii ki, sonda seçim müəllimin özünündür. Bu, öz yerində. Amma müəllimin son seçiminin özü də müəyyən elmi, intellektual, dünyagörüşü bazasına əsaslanmalıdır. Həm də bu, elə bir baza olmalıdır ki, müəllim onu mütaliə edərkən yeni, xarici dillərdən alınmış sözlərin, anlaşılmaz cümlələrin labrintində azıb qalmasın. Əksinə, onu rahatlıqla qavrayıb işinə tətbiq edə bilsin. “Həmkara dəstək” həm bu mənada, həm də yeni təhsil proqramlarına (kurikulumlara) dair ən vacib və aktual məsələləri özündə birləşdirməklə mühüm səciyyə daşıyacaqdır. Bu məqamda dərsin mühüm məqamlarından olan qiymətləndirmə üzərində dayanmaq istərdim. Doğrudur, vəsaitdə dərsin bütün mərhələləri açıqlanır, onların elmi izahı verilir. Qiymətləndirmə üzərində ona görə dayanıram ki, əksər dərslərdə qiymətləndirmə mexanizmi düzgün aparılmır. Bəzən onu heç dərs prosesində həyata keçirmək mümkün olmur. Bəzən isə formal olaraq aparılır. Halbuki, şagird nailiyyətlərinin, bilik və bacarıqlarının qiymətləndirilməsi yalnız tədris prosesi üçün deyil, ümumilikdə şagirdin mənəvi dünyasına, psixikasına, yaxın və gələcək fəaliyyətinə təsir göstərən mühüm amilərdəndir. Qiymətləndirmə dərsin hər anında, müəllimin düşüncəsində mövcud olmalıdır. Müəllim şagirdin hər bir anını izləməli və onun düzgün qiymətini çıxarmalıdır. Təəssüf ki, bu gün bunu çoxları edə bilmirlər. Bunun da səbəblərindən biri bu istiqamətdə lazımı səviyyədə yazılı məlumatların az olması, ikinci tərəfdən isə olan məlumatların özünün də müəllimlər tərəfindən mütaliə edilməməsidir. “Həmkara dəstək” bu baxımdan da müəllimlərin köməyinə gəlir. Vəsaitdə qiymətləndirmə məsələlərinə məlumat xarakterli geniş yer verilir. Hesab edirəm ki, vəsaitdə qiymətləndirmə ilə bağlı yer alan məlumatlardan da müəllimlər lazımı səviyyədə yararlana biləcəklər.

Qeyd etdiyim kimi, vəsaitdə fəal təlim metodlarından da genişliyi ilə bəhs olunur. Tərtibçilər bu metodlar haqqında əhatəli məlumat verməklə yanaşı, onun mahiyyətini və əhəmiyyətini də açırlar. Ümumilikdə, vəsaitdə bu cəhətə xüsusi önəm verilir: fakt, fikir, ideya irəli sürülür və son olaraq onun mahiyyəti izah edilir, əhəmiyyəti açılır.
Bundan sonra vəsait “Testlər” bölməsi ilə davam edir. Məlum olduğu kimi, 2014-cü ilin iyun ayında Təhsil nazirliyi tərəfindən Bakı şəhərinin ümumtəhsil məktəblərində çalışan müəllimlərin diaqnostik sınaq qiymətləndiriliməsi aparıldı. Bu prosesdən sonra bir daha aydın oldu ki, müəllimlərlə fəal təlim texnologiyaları, yeni təhsil proqramları (kurikulumlar) haqqında maarifləndirilmə işinin aparılmasına ciddi ehiyac var. “Həmkara dəstək” metodiki vəsaitini məhz bu məqsədə xidmət edərək ərsəyə gətirən tərtibçilər, testlərə geniş yer verməklə müəllimlərin yaxın gələcəkdə keçiriləcək sınaq qiymətləndirilməsinə hazırlıqlarını stimullaşdırmağı da nəzərdə tuturlar. Vəsaitdə yer alan 750 test tapşırığı sınaq qiymətləndirilməsinə hazırlıq üçün çox dəyərli bir mənbə rolunu oynayacaqdır.
Metodiki vəsaitin “tezaurus-elmi sözlərin mənası” bölməsində kitab boyunca işlənən alınma, eləcə də yeni sözlərin, ifadə və terminlərin izahına yer verilib. Hər biri özlüyündə geniş məna ifadə edən bu sözlər vəsaitdə lakonik şəkildə təqdim edilməklə, müəllimlərin istifadəsi imkanlarını asanlaşdırır. İfadə yalnız hərfi mənada deyil, eyni zamanda mahiyyət etibarilə də açılır.

Sonda onu da qeyd etmək istərdim ki, gərgin zəhmət hesabına başa gələn, Təhsil Şurası İdarə Heyətinin və Şuranın Elmi Mərkəzinin qərarı ilə çap olunan bu vəsaitin hazırlanmasında pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin, psixologiya elmləri doktoru Əbdül Əlizadənin, pedaqogika üzrə fəlsəfə doktoru Ənvər Abbasovun və digər müəlliflərin müxtəlif illərdə yazdıqları əsərlərdən, elmi-tədqiqat işlərinin nəticələrindən yaradıcılıqla istifadə olunmuşdur. Bu da öz növbəsində vəsaitin həm elmi, həm də praktik mahiyyətini artırır. Hesab edirəm ki, bu vəsait müəllimlər, eləcə də ali pedaqoji məktəblərin tələbələri tərəfindən rəğbətlə qarşılanacaq, etibarlı, dayanıqlı, dəyərli mənbəyə çevriləcəkdir.

Böyükağa MİKAYILLI,
“Təhsil və zaman” qəzetinin redaktoru

Dostlarınızla paylaşın!

Bu səhifə 43297 dəfə baxılıb

Öz şərhinizi yazın

Bağla
.....