?>
Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Dərs saatı artırılır, bəs müəllimlərin əmək haqqı artacaqmı? - Müəllimlər bunu bilməlidir

Dərs saatı artırılır, bəs müəllimlərin əmək haqqı artacaqmı? - Müəllimlər bunu bilməlidir

"Hurriyyet.az" saytında dərc olunan “Yeni qayda müəllimləri istismar edir” başlıqlı yazı müəllimlər arasında böyük rezonansa səbəb olub. Xatırladaq ki, yazıda Təhsil Nazirliyinin tərtib etdiyi proqram əsasında orta məktəblərdə 5-9 siniflər arasında Azərbaycan dili və Riyaziyyat fənləri üzrə əlavə 90 saatlıq dərsin pulsuz tədris edilməsindən bəhs olunur. Belə ki, bilik mənimsəməsi zəif olan şagirdlərlə məşğul olmaq üçün həmin fənn müəllimlərinin dərs yükü artırılıb. Bu isə haqlı olaraq onların ciddi narazılığına səbəb olub. Çünki dərs saatının artırılması müəllimlərin əmək haqqına heç bir təsir göstərmir.

İbtidai sinif müəlimləri də əlavə pulsuz dərs deyəcək

Redaksiyaya müraciət edən müəllimlər bildirirlər ki, bu eksperiment indi də ibtidai sinif müəllimləri üzərində tətbiq olunmağa başlayıb. Belə ki, artıq Bakı şəhərinin bəzi məktəblərində 1-4-cü siniflərdə zəif oxuyan şagirdlərlə ibtidai sinif müəllimləri həftədə 5 saat əlavə məşğul olmalıdır.
Müəlimlər bildirirlər ki, diaqnostik bilik qiymətləndirməsinin tətbiqindən sonra kabinet müdiri olan müəllimlərin “kabinetpulu”, yoxlama yazı işlərinin yoxlanmasına görə “yazıpulu” ləğv olunub. Müəllimlərdən tez-tez tələb olunur ki, açıq dərslər keçirilsin. Açıq dərslər də şou xarakterlidir, qabaqcadan görüntü üçün hazırlıqlar görülür ki, bu da müəllim üçün də, şagird üçün də vaxt itkisidir. Məktəbdə valideynin razılığı ilə şagirdlərlə ödənişli məşğul olan müəllimlər direktora əlavə faiz ödəyirlər.
İbtidai sinif müəllimlərindən birinin sözlərinə görə, “yazıpulu”nun ləğvinə görə əksər müəllimlər şagirdlərə artıq imla, ifadəli yazı, inşa yazdırmırlar, ona görə də şagirdlərin yazı savadında ciddi geriləmə müşahidə olunur: “Hər şagirdin yazı dəftərini evdə yoxlamağa görə müəllimin vaxtı gedirdi, bu səbəbdən ona pul ödənirdi. İndi bunun üçün heç bir stimul yoxdur. Hazırda müəllim nə qədər vicdanlı olsa da, bu proseslərə vaxtı, enerjisi çatmır. Kiçik summativ qiymətləndirilmə üzrə yazı-pozu işləri o qədər çoxdur və ağır zəhmət tələb edən işdir ki, bu, onsuz da yüklənən müəllimin əlavə vaxtını alır. Bir halda ki, summativ qiymətləndirmələrə görə texnikadan yox, müəllim qüvvəsindən istifadə olunur, niyə müəllimlərə pul ödənmir, əksinə “yazıpulu” kəsilir”.
Müəllimə deyir ki, məktəbdə hər şagirdin əlavə ödənişli hazırlığına görə, direktor ondan ödənişin 50 faizini tələb edir: “Hətta fizki qüsurlu şagirdlərin evdə hazırlığına görə də direktor ödəniş alır.Tərbiyə işləri üzrə direktor müavininin işi isə şagirdlərin tərbiyəsilə məşğul olmaq deyil, direktor üçün pul toplamaqdı”.

Bakı məktəblərindən 1000 nəfər müəllim könüllü olaraq işdən gedib

Nərimanov rayon məktəblərindən bizə müraciət edən bir neçə müəllim isə dərsliklərin bərbad gündə olmasından, onlardan tez-tez açıq dərslərin keçirilməsi tələbindən və onlardan səbəbsiz yerə xərclərin tələb olunmasından narazılıq etdi. “Müəllim üçün vəsaitlərdən dərs tapşırıqlarının surəti çıxarılıb şagirdlərə paylanır. Məktəb direktoru bunun üçün hər ay bizdən “printerpulu”, “kağızpulu” toplayır. Bu vəsaiti hər dəfə ödəməyə müəllimin pulu çatmır. Şagirdlərin qarşısında xəcalətli qalmışıq. Müəllimlər cana doyub. Statistika Komitəsində işləyən bir adam deyir ki, bu il min müəllim öz ərizəsi ilə işdən geidb”.

Müəllim bir aklad pulunu alıb, iki aklad dərs deməlidir?

Sabunçu rayon orta məktəbinin müəllimi deyir ki, müəllimin dərs yükü ilə əməkhaqqı arasındakı nisbət pozulub və bu sistemdə bir qarışıqlıq yaranıb: “Aklad 12 saatdan 18 saata qədər artırıldı. Müəllim 33 faiz burada əməkhaqqında itirmiş oldu. İndi isə Azərbaycan dili və riyaziyyat, bəzi məktəblərdə isə ibtidai sinif müəllimlərindən tələb edirlər ki, həftədə 5 saat əlavə pulsuz dərs deisn. Belə çıxır ki, müəllim bir akladın pulunu alıb, iki aklad dərs deməlidir? Bu necə qaydadır, baş açmırıq”.
Müəllim ötən yazıda Sabunçu rayonu 96 saylı məktəb direktorunun və Bakı Şəhər üzrə Təhsil İdarəsinin (BŞTİ) səsləndirdiyi bəzi məslələrə də toxundu: “Məktəb direktoru deyir ki, Bədən tərbiysi, Əmək təlimi kimi fənlərin yerinə müəllimlər həftədə iki dəfə şagirdlərlə əlavə pulsuz məşğul olur. Bədən tərbiyəsi, Əmək təlimi kimi fənlərin məktəbdə tədris olunmasının elmi, pedaqoji əsası var. Bu fənlərə niyə barmaqarası baxılır? Bəs o dərslər keçilmirsə, idman və əmək təlimi müəllimlərinə havayı pul ödənir? Digər tərəfdən həftədə 5 dəfə müəllim zəif şagirdlərlə məşğul olmalıdırsa, bəs o, 3 saat necə kompensasiya olunur? Belə bir proqramın tətbiq olunmasına və müəllimlərin narazılığına səbəb nədir? BŞTİ-dən sizə bildirblər ki, məktəb rəhbərliyi əsasən proqramı dərsdən sonra həyata keçirməlidir. Buna onsuz da yüklənib yorulan müəllimin enerjisi çatar? Dərsdə oxumayan şagirdi əlavə hazırlıqda oxutmaq mümkün deyil. Üstəlik də şagird də yorğun olur, dərsdən sonra 7-ci, 8-ci saata qalan yorğun şagird nə öyrənə bilər? Bu məsələlərin sistemsiz qoyulması da müəllimləri bir tərəfdən gərginləşdirir”.
Təhsil eksperti Nadir İsrafilov hesab edir ki, təhsil sistemində bütün məsələlər normativ-hüquqi aktlarla tənzimlənməlidir. Onun sözlərinə görə, vaxtilə nazirliyin hər məsələyə dair əmr və sərəncamları, təlimatları olardı, nazirliyin tez-tez kollegial iclasları keçirilərdi, bütün qərarları ictimailəşərdi. İndi ara-sıra keçirilsə də bu haqda məlumat verilmir: “Nazirliyin saytlarında bu məsələlər aydın şəkildə yazılmır. Son vaxtlar nazirin əmr və sərəncamları da əks olunmur. Ancaq tədbir xarakterli məsələlər öz əksini tapır. Görülən işlərdə məxfilik yaradılıb, təhsilin idarə edilməsinə görə, səlahiyyət-məsuliyyət bölgüsü aparılmayıb, hesabatlılıq yoxdur”.
Təhsilin maliyyə işlərində mürəkkəblik yaradılıb

Ekspertin bildirdiyinə görə, diaqnostik bilik qiymtləndirilməsinə görə müəllimin dərs yükünün 18 saata çatdırılması, vəzifə maaşlarının 2 dəfə artırılması məsələsində maliyyə işlərində hərc-mərcliklər yaranıb: “Mən vaxtilə inspektor işləmişəm, o zaman məktəblərə gedəndə şahidi olurdum ki, bütün sənədlər, təlimatlar birbaşa məktəb rəhbərlərinin stolunun üstündə olardı. Diaqnostik bilik qiymətləndirilməsi üzrə imtahanlar keçirildikdən sonra maraqlanmışam, bu məsələlərin həllində mühasibatlıqlarda normativlər yoxdur. Özü də bu məsələləri rəsmi qaydada mühasibat işçiləri yox, müəllimlər də, təhsil ictimaiyyətinin nümayəndələri də bilməlidir. Bəzən iş stajı çox olan, stajı az olan müəllimlərdən çox maaş alır. Sovetlər dönəmində müəllimlərin dərs yükü üçün konkret təlimat vardı. Tutaq ki, müəllimin dərs yükü 18 saatdır, 27 saata qədər yüklənə bilər və ildə 240 saat əvəzçilik hesabı ilə dərs apara bilər. Mühasibatlıqda yaranmış mürəkkəbliklərdən heç fələk də baş açmaz. Belə çıxır ki, bunu üçün bütün müəllimlər yüksək ixtisaslı iqtisadçı olmalıdır. Necə olur ki, əməkhaqqı hesabatında bir müəllimə 34, birinə 28 faiz artım olur? Əvvəllər bu müəllimlərin dərəcəsinə uyğun hesablanardı. Bütün dünya sadələşməyə doğriu gedir, bizdə isə əksinə mürəkkəbləşdirlir”. 
Kurikulum sisteminin özünü doğrultmadığını bildirən ekspert dedi ki, hazırda bu sistemdə tətbiq olunan summativ, formativ, makro-summativ, mikro summativ, milli qiymətləndirmə kimi anlayışların tətbiqinin müəllimlərə heç bir faydası yoxdur: “Kurikulum elə təhsil proqramı deməkdir. Adını dyişib “Ümumitəhsil məktəbinin milli təhsil konsepsiyası-kurikulum” qoydular. Ölü latın dilindən “kurrikulum” sözünü götürüb təhsil proqramına qondarmaqla təhsil konsepsiyası yaratmaq olmaz. Çexovun bir sözü var, milli vurma cədvəli olmadığı kimi, milli təhsil də ola bilməz”. 
Müəllimlər “kurikulum” adı ilə aldadılır

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin sözlərinə görə, bütün bu işlərin hamısı kurikulum deyilən addan istifadə edib aldanmalardı: “ Qazanc məqsədilə təlim keçilib hər müəllimdən, hər uşaqdan 50-100 manat qoparmaqla təhsili inkişaf etdirmək olmaz. Mənə məlumatlar verilir, maaşı az olan müəllimlərdən pul qoparırlar. Müəllimlər öyrənmək istəyir, onları öyrədən yoxdur. Təhsil Problemləri İnstitutunun bir şöbə müdiri yeni psixologiya elmləri üzrə elmlər doktoru adını alıb. Deyir ki, uşaqdan soruşaq ona nə öyrətmək lazımdı. Uşaq biləndisə, onu niyə öyrədirik ki? Bu institut işləmir, metodiki iş görmür, təhsil müəssisələrində pulsuz təlimlər aparmaqdansa, Avropadan sektor nümayəndələrini çağırır, hər müəllimdən də 100 manat alıb, mənəvi dəyərlər haqqında onlara mühazirə oxuyur. Zəngin milli-mənəvi dəyərlərimiz olduğu halda, avropalı bizə nə öyrədəcək Biri deyir müəllimi öyrədək, biri deyir İKT-ni, biri riyaziyyatdan evdə şagirdlərə tapşırıqları çox verməyi təklif edir. Çünki təhsilə pedaqoji yanaşmalar yoxdur”. 

Mənbə: http://faktor.az

Dostlarınızla paylaşın!

Bu səhifə 13072 dəfə baxılıb

Yazılmış sərhlər

Qonaq__24681580 - 04.02.2017
men muellimlerden qorxuram
ama ele muellimler varki onlardan qorxmuram

Öz şərhinizi yazın

Bağla
.....