Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlanır

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlanır

Ərizə qəbulu elanının tam mətni “Abituriyent” jurnalının 2-ci sayında dərc olunmuşdur. Jurnalda həmçinin aşağıdakı materiallar təqdim edilmişdir:

  • Elektron ərizə verən abituriyent üçün təlimat, “elektron ərizə"nin doldurulma qaydası və nümunəsi
  • Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtləri (ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə)
     2011-ci ildə tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları
  • Bəzi test tapşırıqlarının izahı və tövsiyələr
  • Abituriyentlər üçün elmi-metodiki məqalələr

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu
Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər 2012-ci il aprelin 10-dan mayın 16-dək internet vasitəsilə elektron ərizələrini doldurur və tələb olunan sənədləri aprelin 16-dan mayın 18-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-ək fəaliyyət göstərirlər.
Elanda ümumi təhsil müəssisələrini 2012-ci ildə bitirən abituriyentlərin, ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirən abituriyentlərin, ali, orta ixtisas təhsili müəssisələrinin məzunlarının və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin cari ildə buraxılış imtahanına buraxılan abituriyentlərin, eləcə də xarici vətəndaşların ərizələrini təsdiq etdirəcəkləri Sənəd Qəbulu Komissiyaları, onların ünvanları və tələb olunan sənədlər göstərilib.

 Qabiliyyət imtahanlarının keçirilmə şərtləri
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar sırasına abituriyentdən xüsusi yaradıcılıq keyfiyyətləri, fiziki və idman hazırlığı tələb edən ixtisaslar da daxildir. Bu ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər əvvəlcə ərizələri ümumi qaydaya əsasən təsdiq etdirir, sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) seçmə turda iştirak edirlər. Bunun üçün abituriyent mayın 1-dən 18-dək QİK-ə tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim edir. QİK-də abituriyentin təhsil almaq istədiyi ixtisasa yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınır. Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə abituriyentlər test imtahanı verirlər. Test imtahanında topladığı ümumi balları bu ixtisaslar üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən abituriyentlər ikinci mərhələdə qabiliyyət imtahanı verirlər. Test və qabiliyyət imtahanlarında müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər uyğun ixtisaslar üzrə müsabiqədə iştirak edirlər. Qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı bütün məlumatlar jurnalda “Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtləri”ndə (ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə) verilmişdir.
2011-ci ildə tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları
Ötən ilin tələbə qəbulu müsabiqəsində ixtisaslar üzrə formalaşmış keçid ballarının abituriyentlər üçün ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə oriyentir rolunu oynaya biləcəyi nəzərə alınaraq jurnalın bu sayında 2011-ci ilin qəbul imtahanlarında ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən, hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyllər, tendensiyalar da özünü göstərir. Odur ki, abituriyentlər keçid ballarına istinad edərkən onların hər ilin müsabiqə nəticələrindən asılı olaraq dəyişməsini nəzərə almalıdırlar. 
Bəzi testlərin izahı və tövsiyələr
Ali məktəblərə ötənilki qəbul imtahanlarının nəticələri ənənəvi olaraq TQDK-nın nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlarda geniş müzakirə edilmiş və təhlillər aparılmışdır. Bu araşdırmalar nəticəsində məlum olmuşdur ki, abituriyentlərin bir qismi sadə və orta səviyyəli sualların həllində qənaətbəxş bilik və bacarıq nümayiş etdirsələr də, müəyyən mövzulara aid test tapşırıqlarının yerinə yetirilməsində çətinlik çəkmişlər. Bununla əlaqədar jurnalda ayrı-ayrı fənlər üzrə bu tipli test tapşırıqlarının izahlı təhlili verilib. Bu materiallarla tanışlıq qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün çox faydalı olacaq. 
Abituriyentlər üçün elmi-metodiki məqalələr
Bu bölmədə müxtəlif fənlərin mövzu dairəsi nəzərə alınmaqla müasir dövrdə ölkəmizdə və dünyada baş verən aktual hadisə və proseslərlə, həmçinin ayrı-ayrı elm sahələrində olan yeniliklərlə bağlı abituriyentlərin məlumatlandırılması, onların düyagörüşünün zənginləşdirilməsi məqsədilə məqalələr təqdim olunur. Bu məqalələrlə tanış olmaqla abituriyentlər qeyd olunan mövzular üzrə zəngin və maraqlı məlumat əldə edəcəklər.

Mənbə: http://tqdk.gov.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1714 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....