Qış tətili vaxtı məktəblilər üçün nələr təşkil ediləcək?

Qış tətili vaxtı məktəblilər üçün nələr təşkil ediləcək?

Yanvarın 27-dən ümumi təhsil məktəblərində qış tətili başlayacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin qış tətilini səmərəli, mənalı və əyləncəli təşkil etmək üçün çoxsaylı maarifləndirici tədbir və ekskursiyalar nəzərdə tutulub. İdarədən Milli.Az-a verilən məlumaat görə, məqsəd məktəblilərin asudə vaxtını səmərəli keçirməsinə şərait yaratmaq, dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, həmçinin, onlar arasında Azərbaycan təhsilinin nailiyyətlərlə zəngin inkişaf tarixini təbliğ etməkdən ibarətdir.

Tətil günlərində təşkil ediləcək ekskursiyalar çərçivəsində məktəblilər YARAT Müasir İncəsənət Mərkəzində olacaqlar. Fərqli yaş qruplarının tələbatına uyğun təşkil ediləcək ekskursiyalar qısa mühazirə və bir sıra yaradıcı oyunlardan ibarət olacaq.

Həmçinin, məktəblilər üçün Xalq Təhsili Muzeyinə ekskursiyalar təşkil ediləcək. Şagirdlər muzeydə qabaqcıl təhsil müəssisələri və müəllimlər barədə məlumatlandırılacaq, eyni zamanda, tədris prosesini əks etdirən fotoşəkillər, nadir dərs vəsaitləri və ləvazimatlar, müxtəlif illərə məxsus dərslik və proqramlar, əl işləri, albomlar, maketlər və digər eksponatlarla tanış olacaqlar.

Tətil günlərində məktəblərin və valideynlərin təşəbbüsü ilə digər tarixi məkanlara və mədəniyyət mərkəzlərinə də ekskursiyalar təşkil ediləcək.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf mərkəzləri də tətil günlərində fəaliyyətlərini davam etdirəcək. Bu müəssisələrdə məktəblilərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyə və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şərait yaradılıb.

Ümumi təhsil məktəblərində tətildən sonra ilk dərslər fevralın 1-də olacaq.

Zərif Nisə
Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

......