İnzibati rəhbər vəzifələr üzrə qeydiyyat hələ də davam edir

İnzibati rəhbər vəzifələr üzrə qeydiyyat hələ də davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 29-da dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək. İmtahan kompüter vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

DİM-dən FaktXeber.com-a bildiriblər ki, imtahana qeydiyyat sentyabrın 27-si saat 18:00-dək davam edəcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.azsaytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün online qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Xatırladaq ki, dövlət qulluqçularının reyestri üzrə statistik məlumatlara əsasən, AA vəzifə qrupu üzrə 31 yer, AB vəzifə qrupu üzrə 379, AC vəzifə qrupu üzrə isə 1150 yer vakantdır. Vakant yerlər AC vəzifə qrupunda daha çoxdur. Vakant yerlər arasında kifayət qədər yüksək vəzifələr də mövcuddur. Belə ki, hazırda Azərbaycan Respublikasının Hesablama Palatasında şöbə müdiri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində Sahibkarlığa Kömək milli Fondunun rəhbəri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində Dövlət Baytarlıq Xidmətinin rəhbəri ,Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin rəhbəri, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəhbəri vəzifələri vakantdır.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun setifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti beş ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun gələn vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan olunmuş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

  • Paylaşmağı unutma

Səhr yaz

......