Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Uşaqlarımıza reklamlar necə mənfi təsir edir?

Shagird.az - Uşaqlarımıza reklamlar necə mənfi təsir edir? (No description)- Maraqlıdır

"İnformasiya və texnologiyalar əsri" adlanan XXI yüzillikdə televizor, kompyuter, mobil telefon və digər bu kimi texnoloji vasitələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Beynimizi ciddi şəkildə təsir altına alan faktorlardan biri də televizordur. Bizə xeyrindən çox, zərəri olan bu "kiçik qutular" uşaqlara da təsirsiz ötüşmür. Çox zaman qarşısına kilidləndiyimiz televizorlar elə körpələrimizi də öz əsirinə çevirib. Xüsusən, reklamları daha diqqətli izləyən balacaların cizgi filmlərinə bu qədər maraq göstərməmələri narahatlıq doğurur. Bu məsələ bir müddət əvvəl mənim də diqqətimi cəlb etdi.

Qardaşımın qızı ilə oynayarkən bir anda mənə heç bir reaksiya vermədiyini gördüm. Yaşyarımlıq olan körpə ilə üz-üzə dayanmışdıq və məndən arxadakı televizoru görmək üçün başını sağa-sola əyirdi. Nəhayət, evdəkilərin mənə uşağın televizorda başlayan reklamları izləmək istədiyini demələrindən sonra ekranın qarşısından çəkildim. Onu nə qədər çağırsam da dönüb baxmadı. Yalnız reklamlar qurtardıqdan sonra körpə "aramıza qayıtdı".

Görəsən, uşaqların reklamlarda diqqətini bu qədər çox cəlb edən nədir? Reklama bağlılıq nədən irəli gəlir? Bunun uşağa hansı psixoloji təsirləri var?

2007-ci ildə ABŞ-ın Psixoloji İnkişaf Jurnalında (Journal of Developmental Psychology) dərc olunan araşdırmanın nəticələrinə görə, reklamlar uşağa əqli cəhətdən mənfi təsir edir. Belə ki, 8-16 aylıq dövrdə televizor izləyən uşaq 3 yaşına çatdıqda dil inkişafı cəhətdən yaşıdları ilə müqayisədə geri qalır. Hətta onların yaddaş, diqqət əskikliyindən əziyyət çəkdikləri müəyyən olunub.

 "Gündə 7-8 saat televizor açıq olan evdə uşaqlarda reklama bağlılıq yaranır"

Qəzetimizə müsahibə verən psixoloq Aida Nəbiyeva reklamların uşaqlarda bağlılıq yaratdığını bildirdi. Onun sözlərinə görə, bu, xüsusən televizorun uzun müddət açıq olduğu evlərdə baş verir: "Uşaqlar reklamın səsini eşitdikdə televizor olan otağa qaçırlar və onun qarşısından uzaqlaşmırlar. Buna səbəb reklam istehsal edən şirkətlərin daha çox uşaqları və onların valideynlərini nəzərə almasıdır. Onlar uşaqlar üçün maraqlı olacaq səs, rəng, element və personajlardan istifadə edirlər. Eyni zamanda bir musiqidən başqa, digər musiqiyə qısa müddətdə keçilməsi, ardıcıllıq və hadisələrin konkret olması maraq doğurur. Bütün bunlar uşağın diqqətini cəlb edir, onda bağlılıq yaranır. Bunun da təbii ki, öz növbəsində, mənfi təsirləri var. Elə uşaqlar var ki, hətta onlar reklam verilən vaxtı yemək yemirlər. Onu da qeyd edim ki, reklama bağlılıq bütün uşaqlarda olmur. Bu o uşaqlarda olur ki, evdə gün ərzində 7-8 saat televizor açıq olur. Belə olduqda uşaqlarda reklamlara qarşı qulaq həssaslığı yaranır. Periodik olaraq gündə 16-17 dəfə reklam verilirsə, uşaqda buna qarşı həssaslıq və ehtiyac yaranır. Reklam izləyən uşaqlarda nitq geriliyi, diqqət əskikliyi, özünə qapanma və münasibət qurmaqda çətinlik yaranır".

Psixoloq televizorun uşaqlara psixoloji cəhətdən mənfi təsir etdiyini vurğulayaraq, valideynlərin baxmadıqları zaman televizoru söndürmələrini və mümkün qədər uşaqları ondan uzaq tutmalarını məsləhət gördü.

"Reklamlar müəyyən bir məhsulun satışına xidmət edən bir layihədir. Bu da insanları paltara, yeməyə təşviq edir. Hesab edirəm ki, uşaqlar üçün reklamda faydalı heç bir şey yoxdur",- deyə A. Nəbiyeva bildirdi.

 "Reklamlar sadəcə, uşağın beynini yorur"

Uşaq psixoloqu Anara Baxşəliyeva uşaqların birtərəfli informasiya almasının onlarda zəka geriliyinə səbəb olduğunu bildirdi: "Uşaqlar informasiyanı birtərəfli aldıqlarından qavrama və analiz etmə qabiliyyətləri zəifləyir. Çünki onlarda zəkanın inkişafı aldığı məlumatı paylaşdıqca və bundan nəticə çıxardıqda inkişaf edir. Televizora baxdıqda, xüsusən reklamlar qısa və rəngarəng olduğuna görə uşaqların diqqətini çəkir. Lakin məlumat dolğun olmadığından bu, sadəcə, onların beynini yorur".

Türkiyəli mütəxəssislər araşdırma zamanı televizora bağlılığı olan uşaqlarda autizm xəstəliyinin əlamətlərinə rast gəlindiyini bildiriblər. Belə ki, 2 yaşına qədər olan uşaqlar həddindən artıq televizora baxırlarsa, bu, əqli geriliyə yol açır; göz təmasından və insanlarla ünsiyyətdən qaçırlar. Az danışır, yemək yeməkdən imtina edir və yaşıdları ilə oyun oynamaqdan boyun qaçırırlar.

Son bir neçə ildə həyatımızı sürətlə ağuşuna alan texnoloji avadanlıqlar çox zaman ətraf mühitlə əlaqəmizi kəsir. Diqqətimiz uşaqlarımızdan daha çox televizordakı seriallara yönəlir. Ondan qayğı gözləyən övladının başını qatması üçün əlinə "planşeti" verən valideyn gələcəkdə yaranacaq problemə özü zəmin hazırlayır. Uşaqlarımız üçün ən böyük nümunə bizik. Gördükləri hər şeyi təqlid edən balacalar yaxşı davranışlarımızdan daha çox, mənfilərdən təsirlənirlər. Ona görə də müəyyən qədər faydası olsa da, başda televizor olmaqla digər texnoloji vasitələrə az vaxt ayırmaq daha yaxşı olar.
"Zaman Azərbaycan"

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 267 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__16157724 (Əlavə edilib: 01.02.2016 23:26:27)
çox sağ olun

Öz şərhinizi yazın

Bağla