Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

GÖZƏL

sif 1. Sifətinin cizgiləri, bədəninin tənasübü, qaş-gözü qüsursuz olan; göyçək. Gözəl uşaq. - [Xor:] Xəlvət meşə arasında; Bir gözəl qız tapmışıq. C.Cabbarlı. [Zaqs müdiri] Zeynalın Mehriban kimi gənc və gözəl bir qadını boşamasına bir məna vermədi. S.Hüseyn. İçəri gözəl, gənc bir qadın girdi. S.Rəhman. □ Dünya gözəli - çox gözəl, çox qəşəng qadın (çox zaman istehza və ya zarafatla işlədilir). [Müqim bəy:] Sənin kimi dünya gözəli olanın bu dünyada nə dərdi-qəmi, ay Zəriş! S.Rəhimov. Gözəllər gözəli - qeyri-adi gözəlliyi ilə fərqlənən, ən gözəl qız, qadın. // İs. mənasında. Sifətinin cizgiləri, bədəninin tənasübü, qaş-gözü qüsursuz olan gənc qız. Bu gün bir əcayib gözəl sevmişəm; Beləsi olammaz heç vilayətdə. M.P.Vaqif. [Qarı:] Ay cavan, atdan düş, bir falına baxım.. Sənin qismətində, deyəsən, bir gözəl var.. Çəmənzəminli. Parlasın hər gözəlin: Bir günəş yaxasında. M.Müşfiq. // Gözəlim şəklində gözələ xitab. Bu yazıq yarına hərdən; Bir nəzər sal, gözəlim! U.Hacıbəyov. Aç könlünü, layiq sana hər dürlü mükafat; Sevda! Nə dilərsən, gözəlim, aç mənə, anlat?! H.Cavid. Gözə xoş gələn, gözü oxşayan, xoşa gələn, qəşəng. Gözəl bağ. Gözəl mənzərə. Hanı rəngin çiçəklərin, a çəmən! Bir gözəl dəstə gül tutaydım mən. A.Şaiq. Burda məclis quraq, gözəl çəməndir; Hər tərəf nərgizdir, tər yasəməndir. M.Rahim. // İnsanın ruhunu oxşayan, ruhuna ləzzət verən, xoşa
gələn. Gözəl səs. Gözəl avaz ilə oxumaq. Hava gözəl və işıq idi. Qantəmir. Faytonçunun səmimi, yanıqlı bir səslə oxuduğu gözəl mahnı birdən xırp kəsildi. M.Hüseyn. ..Bülbül öz gözəl nəğməsini oxumaqda idi. M.Rzaquluzadə. // Estetik zövq verən.
Məharətli, öz sənətinin ustası olan, çox yaxşı, əla. Gözəl usta. - Kərim baba özünü bir də doğruldaraq: - Mənim atam da gözəl ovçu idi, - dedi. A.Şaiq.
Müsbət keyfiyyətlərə və ya xassələrə malik olan, hər cəhətdən yaxşı olan, necə lazımsa elə. Gözəl adam. Gözəl oğul. Gözəl xasiyyət. - Dedim ki, gözəl xələf olarsan; Bir ailəyi şərəf olarsan. M.Ə.Sabir. [Süleyman:] ..Əsgər çox gözəl oğlandır. Çox ağıllı, yaraşıqlı və çox da şüurlu oğlandır. Ü.Hacıbəyov. [Səməd:] Mən bir görüm, axı elə gözəl insan birdən niyə bu qədər pozulub? İ.Hüseynov.
Əlverişli, yararlı, yaxşı. [Mirzə:] Ağa, məsləhətiniz çox gözəldir, ömrünüz uzun olsun, siz həmişə mənim uşaqlarımın qeydinə qalıbsınız. Ə.Haqverdiyev.
zərf Yaxşı, əla. Gözəl çalmaq. Gözəl danışmaq. - Əgər əhli-ruhsan, sözün gözəl de. Aşıq Ələsgər. [Dilbər:] Sizi isə, Gülüş, indi mən çox gözəl anlayıram. C.Cabbarlı. Hələ Zəki adlandırdıqları gənc nə qədər gözəl oxuyurdu. S.Hüseyn.
□□ Çox gözəl - çox yaxşı, yaxşı oldu, razıyam (təsdiq ifadəsi). [Sultan bəy:] Çox gözəl, qızım, bilirsən nə var? Ü.Hacıbəyov. [Səba xanım:] Çox gözəl, bunu [min qızılı] siz özünüz verirsiniz. Bəs Toğrul nə verəcəkdir?.. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....