Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DAR1
sif 1. Ensiz (enli ziddi). Dar küçə. Dar yol. Dar keçid. Dar dərə. - Küçə dar olmağına görə ulaq güc ilə keçirdi. Çəmənzəminli. Diyar kişi dar bir cığırla sola tərəf buruldu. Ə.Məmmədxanlı.
□ Dar dəmir yolu - yaxın məsafələrə çəkilən və yerli əhəmiyyəti olan, relsləri bir-birinə yaxın dəmir yolu. Bütün mədənlərə tramvay və dar dəmir yolu çəkilmişdir.
Çox sıx, sıxıcı, tarım. Dar köynək. Dar şalvar. Dar ayaqqabı.
Kiçik, balaca. Biri deyir: - Azca dardır yerimiz; Nə olsun, genişdir ürəklərimiz. M.Rahim. Əslinə baxsan, bu dar həyətdə nə günəşli bir yer, nə də tamaşalı bir şey vardı. Ə.Əbülhəsən.
məc. Əhatəsi geniş olmayan; məhdud, birtərəfli. Dar düşüncə. Dar elmi sahə.
məc. Çox az, çox məhdud, qeyri-kafi, yaxud namünasib. Vaxt çox dar idi.
// Eyni mənada bəzən “bu dar vaxtı, bu dar vaxtda” tərkib şəklində işlənir. Birdən qapı döyülür, molla öz-özünə hirslənir ki, yenə görəsən kimdi bu dar vaxtı gəlib çıxdı. “M.N.lətif.” [Xanımnaz:] Bu dar vaxtı sən getmə. Qaranlıqdır, sən dayan, mən gedim. C.Cabbarlı. Ancaq indi, bu dar vaxtda söhbət açmağı lazım bilmədi. Mir Cəlal.
□□ Dar ayaqda - çətin zamanda, çətin vəziyyətə düşəndə. Dar ayaqda kömək etmək. Dar ayaqda imdada çatmaq. Dar etmək (bəzən “Başına” sözü ilə) - dözülməz etmək, məşəqqətli etmək. Evi başına dar etmək. Dünyanı başına dar etmək. Dar gün - həyatın çox çətin, çox ağır, böhranlı, məhrumiyyətlərlə dolu vaxtı. Yarı görmək istəyir; Ürəyim bu dar gündə. (Bayatı). Aygün alıb çağasını bağrına basır; Analara təsəllidir dar gündə övlad. S.Vurğun. Vətənin dar günündə atıldın ön səngərə; On yara aldınsa da, uf demədin bir kərə. S.Rüstəm. Dar kəsilmək - bax dar olmaq. Bir qıy vursam, bu gün dünya düşmənlərə dar kəsilər. S.Vurğun. Dar olmaq - dözülməz olmaq. Dara düşmək - 1) maddi cəhətdən ağır vəziyyətə düşmək, sıxıntı çəkmək, yoxsul hala düşmək; 2) çətin vəziyyətə düşmək, işi çətinə düşmək. Tanrı, yaman gündə düşmüşük dara; Bizə özün kömək ol, aman, aman! “Koroğlu”. Oğul, harda dara düşsən, arxalan hünərinə; Sən ölümü bir an belə gətirmə gözlərinə. S.Vurğun. Dara qısnamaq - bərkə çəkmək, sıxışdırmaq, çətin və çıxılmaz vəziyyətə salmaq. Bəy Nabatoğlunu bərk dara qısnamış, onun gözünün ağı-qarası bircə qızını evinə qulluqçu istəyirdi. S.Rəhimov. Dara salmaq - bax dara qısnamaq. Darda qalmaq (olmaq) - çətin vəziyyətə düşmək, çətinlik çəkmək, ehtiyac içində olmaq. Qalsan da zillətdə, qalsan da darda; Bağlan azadlığa, azad zəhmətə. M.Rahim. O heç vaxt sənin darda qalmağına razı olmaz. M.Hüseyn. Dardan çıxmaq - ağır və çətin vəziyyətdən, məhrumiyyətdən qurtarmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....