Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DAĞITMAQ
f. 1. Sökmək, uçurmaq, xaraba qoymaq, alt-üst etmək. Köhnə binanı dağıtmaq. Zəlzələ evlərin çoxunu dağıtdı.[Zaman xan:] Ona binaən əmr etdim ki, .. körpüləri dağıtsınlar və yolları pozsunlar. M.F.Axundzadə. Bu saat yenə sultanın qoşunları İranın bu guşəsini söküb kəndləri dağıtmaqdadır. C.Məmmədquluzadə.
Vurub-dağıtmaq - yox etmək, aradan qaldırmaq. Deyəsən, bu səs o qədər qüvvətli idi ki, dəmir yolu ilə şəhər arasında olan bütün həddi-səddi vurub dağıtdı. Mir Cəlal.
Yaralamaq. Nəbi ağacnan bir hampanın başını dağıtdı. “Qaçaq Nəbi”. Başını qaldırıb ətrafına baxmaq istərkən, ikinci güllə onun çiynini dağıtdı. Ə.Məmmədxanlı.
// Dişi ilə parçalamaq, parça-parça etmək. Öküzləri dağıtmaq istəyən canavar birdən qabaqdan kəhər ata cumdu. Ə.Vəliyev.
Pərən-pərən salmaq, qovmaq. Qoşun yavaş-yavaş xırda yığıncaqları dağıtmağa başladı. M.S.Ordubadi.
// Dağılışmağa, dağılıb getməyə məcbur etmək. Kəblə Səməd dayı durub camaatı dağıtdı. S.Rəhimov.
Qarət etmək, tarac etmək, soymaq, iflasa uğratmaq. ..Nahaq iş tutmasınlar, xalqı talayıb dağıtmasınlar. M.F.Axundzadə. [Hacı:] Xarici bu fabriki dağıtmaq istəyir. M.S.Ordubadi.
Dağılmasına, bədbəxt olmasına səbəb olmaq. Hakim təbəqələr pul və dövlət gücünə harınlıq edərək, nə qədər ismətli və həyalı ailələri dağıtmışlar. M.İbrahimov.
Çox geymək, işlətmək, sürtmək və s. nəticəsində yırtmaq, cırmaq, yararsız hala salmaq. Paltarı dağıtmaq. Ayaqqabılarını dağıtmaq.
// Ümumiyyətlə, yırtmaq. Bütün maskaları dağıtmasaq biz; Faydasız qalacaq mübarizəmiz. S.Vurğun.
Nizamsız halda tökmək, pərişan hala salmaq. Bir tərəf şanə dağıtdı zülfünü, bir yan səba; Hər tərəfdən hər biri könlüm pərişan etdilər. S.Ə.Şirvani.
// Yolmaq mənasında. Yar odur kim, yardan sonra yar üçün; Zülf dağıda, yaxa darta, yara üz. Qurbani.
Müxtəlif tərəflərə yaymaq, intişar etmək, saçmaq. Dan yeli hər yana ətir dağıdır; Çöllərə çəkilir bir yaşıl pərdə. A.Şaiq. O şad olur, o sevinir balasının hünərindən; Günəş qalxıb nur dağıdır ona vətən göylərindən. S.Vurğun.
Dağılmasına səbəb olmaq. Suyu dağıtmaq.
Özündən uzaqlaşdırmaq, qovlamaq. Mehriban ağlayırdı. O, ürəyini şişdirən ələm
və kədərlərini bununla dağıtmaq istəyirdi. S.Hüseyn. ..Dərdi-sərimi dağıdan, viran könlümü gülüstan edən Ruqiyyə idi, Ruqiyyə! A.Divanbəyoğlu.
// Qaçırmaq, pozmaq. Dağıtmış yuxumu yenə gözümdən; Əzəldən nəğmələr aşiqiyəm mən. S.Vurğun.
Səpmək, tökmək. Adsız ölən igidlərin o pərişan məzarına; Çiçək səpir qucaqqucaq, gül dağıdır ətək-ətək. S.Vurğun.
Əbəs yerə xərcləmək, səmərəsiz sərf etmək, puç etmək. Tahirin əlinə İran sikkəsi düşəndə dağıtmayıb cibində saxlayırdı. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....