Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÇALMAQ1
f 1. Çalğı alətində bir musiqi nömrəsi icra etmək, çalğı alətini səsləndirmək. Tar çalmaq. Dumbul çalmaq. Pianino çalmaq. - Oxuyub-çalanlar yavaş-yavaş kamança və udu hazırlayıb çalmağa başladılar. Bir qədər ərəbcə çalıb-oxudular. M.S.Ordubadi. Mən bir aşiqəm ki, bu çaldığım saz; Dumanlı dağlara səs salacaqdır. Ə.Cavad.
Vurmaq, çaxmaq, qaxmaq. Sağ divardan sol divara bir mıx çalıb ip çəkər, gəlinin ipək çarşabını o ipin üstünə atardılar. H.Sarabski.
Döymək, taqqıldatmaq, vurmaq. Darvazanı çalmaq. - Çaldı o qapını... çaldı taqtaraq! B.Vahabzadə.
Biçmək. Bir az sonra əllərinə dəryaz götürüb ot çalardılar, taxıl biçərdilər. İ.Hüseynov.
Sancmaq, vurmaq, dişləmək (həşərat və ilan haqqında). Əqrəb uşağı çaldı. - [Arıçı:] Sən arıya dəyməsən, arı səni çalmaz. S.Rəhimov. [Əlikram Gülüyə:] İlanın quyruğunu basdalayarsan, qayıdar, baldırını çalar.B.Bayramov.
Müəyyən çaları olmaq, bənzəmək; az bənzəmək, oxşamaq, andırmaq (rəng haqqında). Qırmızıya çalmaq. Sarıya çalmaq. Qilu-qala salan olsa sərini; Siyah çalar qızıl rəngi qıjhaqıj. Aşıq Ələsgər. Dağların hərəsi bir rəng çalır.. C.Məmmədquluzadə. Qulunun başının tükləri, qaşları və kirpikləri xına rəngində idi, hətta dərisi belə kürənə çalırdı. M.İbrahimov.
Səs çıxarmaq, səs vermək, səslə bildirmək (xəbər vermək), vurmaq. [Komandan] təkrar evə girərkən saat on ikini çaldı. H.Nəzərli. Kürd Əhməd faytonçunu yola salıb, dalandan keçərək, balaca bir qapının zəngini çaldı. M.İbrahimov.
Zərbə endirmək, vurmaq. Zəyəm pristavı Oqarişşev Seyid Hənifəni.. tövləyə qatıb, o qədər onun burnuna çalır ki, bir vedrə qan axır. C.Məmmədquluzadə. Silahlı soldat Qədim dayının boynunun ardından yapışdı, onu darvazadan bayıra itələdi, iki təpik də arxadan ona çaldı. S.Rəhimov.
dan. Qapıb almaq, qoparıb götürmək, almaq. Şeyx Haşimi atını irəli sıçradır, bir göz qırpımında Leylini yerdən çalıb, yəhərin qaşı üzərinə atır. Ə.Məmmədxanlı. Əbiş paketi görər-görməz vəhşi bir hərəkətlə onun əlini cırmaqlayıb paketi çaldı. S.Rəhimov.
dan. Oğurlamaq, çırpışdırmaq. Mollanın börkünü çalıb oğru; Yüyürüb qaçdı bir bağa doğru. M.Ə.Sabir. [Piran Rüstəmə:] Sizinkilər çalar qaramal, qoyun; Bizimkilər ərzaq üçün saldırar. H.Cavid.
Qarışdıraraq eynitərkibli kütlə halına gətirmək; qatılaşdırmaq, qəlizləşdirmək. [Bahar:] Axşamadək cəhrə əyir, inək sağ, qatıq çal, nehrə çalxa, adını da tənbəl qoysunlar. Ə.Haqverdiyev. [Pərşan Mayaya:] Yaxşı, sən yumurta çal, mən də samovarı odlayım. M.İbrahimov.
Qatışdıra-qatışdıra bişirmək. Quymaq çalmaq. - Telli öz otağında halva çalırdı. S.Hüseyn.
Bir sıra isimlərdən sonra gətirilərək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: kirpik çalmaq, layla çalmaq, qanad çalmaq, əl çalmaq, qabar çalmaq, qələbə çalmaq və s.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....