Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZAVAL
is. [ər.] 1. Ziyan, zərər, təbii fəlakət, afət. Bu körpəcə meynəni qoru hər bir zavaldan; Qoy torpaqda kök salıb bərkitsin öz yerini. S.Rüstəm. // Bəla, müsibət, xətər, qorxu. Kahinlər axışından kəşf etmiş istiqbalı; Çox zaman qışqırığın bildirmiş o zavallı. Ə.Cavad. Hünərdir keçirən bizi hər oddan; Olarmı hünərə zaval, ay Maral! B.Vahabzadə. Yox olma (etmə), tələf olma (etmə), fənaya uğrama (uğratma), məhv olma (etmə); məhv. Fani cəhanə baxma, keçər, ömrü sevmə kim; Ömrün zəvalı var və cahanın bəqası yox. Nəsimi. Sizdə olan aldadıcılıq və dostlara yalan satmaq sizin təxt-tacınızın zavalını yaxınlaşdırmaqdadır. M.S.Ordubadi.
məc. Zülm, əziyyət, işgəncə mənasında. Yazıq Ələsgərə çoxdur zavalın; Aparır ağlımı günəş camalın. Aşıq Ələsgər.
□□ Zaval görməmək - 1) sağ-salamat qalmaq, heç bir bəlaya düçar olmamaq; 2) zərər görməmək, cəzasız qalmaq. [Pişik] heç bir zaval görməyəcəyini hiss etdi, iti caynaqlarını qabırğaya ilişdirdi. İ.Hüseynov. Zaval olmaz - bax zaval yoxdur. İynə saçdım divara; Elçi göndərdim yara; Elçiyə zaval olmaz; Özüm elçiyəm yara. (Bayatı). Zaval tapmaq - xəsarətə uğramaq, ziyan görmək, məhv olmaq, tələf olmaq. Mal-qaranı zaval tapdı. Zaval vurmaq - 1) ziyan vurmaq, xəsarətə uğratmaq, zay etmək, məhv etmək. Bostanı zaval vurdu; 2) ölüm gətirmək, fənaya uğratmaq. Bağımda var gavalı; Başım olub havalı; Əzrail ova çıxdı; Mənə vurdu zavalı. (Bayatı). Zaval yetirmək - 1) bax zaval vurmaq. Yağış bağlara çox zaval yetirdi; 2) bədbəxtlik gətirmək, fəlakət gətirmək, məhv etmək. Bir gün olmaz kim, ona gərdun yetirməz bir zaval. Füzuli. Bir zaval yetirən şahi-sərvərə; Bir şux sitəmkarə müştaq olmuşam. Aşıq Rəcəb. Bu dərd, billəm, məni axır öldürər; Günbəgün yetirər zavalə, gözəl! Aşıq Mehdi. Zaval yoxdur - qorxu yoxdur, xətər yoxdur. [Əhməd tacirbaşı dedi:] Bizə heç bir zaval yoxdur. “Koroğlu” . [Sozalı:] Axı, arvad üstündə dalaşmayan kişiyə zaval yoxdur. İ.Hüseynov. [Hümmət:] Əgər bu tufandan qurtarsam, daha mənə zaval yoxdur. B.Bayramov. Zavala düşmək bədbəxtliyə uğramaq, bədbəxt olmaq. Gəlmədi aftabımız, keçdi nəhar nisfdən; Gör ki, mən, ey fələk, bu gün bir nə zavalə düşmüşəm. S.Ə.Şirvani. Zavala getmək - bax zavala gəlmək. Mən bilirəm, gedəcəkdir zavalə; Zənəxdan dövründə, üzar yanında. Q.Zakir. Şamamələr dağda dəyər; Qızılgüllər boynun əyər; Bədnəzər çoxdu, göz dəyər; Gedər zavala gözlərin! Aşıq Məhəmməd. Zavala gəlmək - 1) bədbəxtliyə uğramaq, fəlakətə uğramaq, müsibətə düçar olmaq. Hər günüm bir ildir sənsiz, a bala! Gəlməyəsən, görüm səni, zavala. R.Rza. [Əlibaba:] Qılıncı qın saxlar, çox sağ ol, bala! Görüm, gəlməyəsən əsla zavala! Z.Xəlil; 2) məhv olmaq, yox olmaq, zail olmaq. Kasıb dedi: - Maldar, uyma çox mala; Dolanır zamana, gəlir zavala. Aşıq Əhməd. Elə zərbə vurarıq ki, yağı gələr zavala; Bir zərbə ki qoca tarix görməmişdir yaşından. S.Rüstəm. Zavala vermək - fəlakətə, məhvə uğratmaq; bədbəxt etmək. Əbəs yerə bizi verdi zavalə; Oğrun-oğrun bəlalərə həvalə. Q.Zakir. O mahrudən iraq verdi qəm zavalə məni. X.Natəvan. Zavala yetirmək bax zavala vermək. Zavala yetmək - bax zavala düşmək. Mənim baxtım yetməz heç vaxt zavala; Ağıl, kamal, tale, izzət məndə var. Aşıq Əhməd.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....