Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZAMAN
is. [ər.] 1. Vaxt, müddət. O hadisədən çox zaman keçdi. - Unudubsan məni xeyli zamandı. Aşıq Ələsgər. [Birinci əyan:] Bu qədər zaman paytaxtdan ayrıldığı heç yox idi... Ü.Hacıbəyov. Aradan üç aya qədər bir zaman keçmişdi. S.Hüseyn. [Beyrək] zamanın yetişdiyini görüb yumruğunu masaya çırpdı. M.Rzaquluzadə. // Adətən feillərdən sonra - bir hadisənin, işin baş verdiyi və ya baş vermiş olduğu vaxtı, anı bildirir. O, danışdığı zaman mən getmişdim. - Keçəl Həmzə Çənlibeldə Dürata baxdığı zaman Qıratın da yan-yörəsinə hərlənib özünə mehriban eləmişdi. “Koroğlu” . ikinci şəhər məktəbinə getdiyim zaman Ə.Haqverdiyevlə tanış oldum. A.Şaiq. // Zəmanə, dövr, vaxt. Yaxşı zamanda yaşayırıq. - Mirzənin zamanında bazarda ucuzluq idi. Ə.Haqverdiyev. Zamanmı, insanmı dəyişdi yoxsa. B.Vahabzadə.
Fəlsəfədə: sonsuz inkişaf edən materiyanın, vaxtın davamı və ardıcıllığında təzahür edən ümumi obyektiv varlıq forması. Məkan və zaman hər cür varlığın əsas formalarıdır.
Qrammatikada: iş və hərəkətin müəyyən vaxtda icra edilib-edilmədiyini bildirən feil şəkli. Keçmiş zaman şəkilçiləri. Qrammatik zaman anlayışı.
□□ Zaman keçdikcə - yavaş-yavaş, vaxt ötdükcə, getdikcə. Zaman keçdikcə Azərbaycan dili büllurlaşır, lüzumsuz fars, ərəb və osmanlı sözlərindən təmizlənir. M.Ibrahimov. Zaman keçdikcə Teymurun öz çətin işi haqqındakı təsəvvürü get-gedə genişlənir. H.Seyidbəyli. Zamanın nəbzini tutmaq dövrün tələbinə uyğunlaşmaq. Zamanın nəbzini tut ki, nə canandan, nə candan tut; Nəyin vardırsa aləmdə sən öz simana qalxan tut... S.Vurğun. Zamanla ayaqlaşmaq - həyatdan geri qalmamaq, dövrün tələbincə hərəkət etmək. ..Gələcəyi ancaq zamanla ayaqlaşa bilənlər qazanacaqdı!.. M.Ibrahimov. Axır zaman din. - dünyanın axırı. Dağlar başı dumandır; Elin halı yamandır; Dövran belə dəyişib; Bəlkə axır zamandır? (Bayatı). Bir zaman - 1) vaxtı ilə, bir vaxt, əvvəllər, keçmişdə. Bir zaman onlar yaxın dost idilər. - Bir zaman oldu bir belə qovğa; Külək ilə gün etdilər dəva. A.Səhhət; 2) az müddət, bir müddət, bir qədər vaxt. Bir zaman durub gözlədim. - Nə xoşdur bir zaman bir dilbərin eşqində yar olmaq; Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq. S.Ə.Şirvani. Çox zaman - tez-tez, çox vaxt. Çəkinərək çox zaman, söhbəti dəyişəydin; Mənimlə əyişəydin. M.Müşfıq. Eyni zamanda - bir vaxtda, eyni vaxtda, bununla birlikdə, həm də. O zaman ki özümüz olduq öz dustağımız; Qəlbimizə sığındı üç rəngli bayrağımız. B.Vahabzadə. On yeddi yaşı yenicə tamam olan Güləsər isə başına gələn əhvalatdan heç nə anlamır, elə buradaca, kolun dibində dəhşətli və eyni zamanda cazibədar bir maraqla gözlədiyi əhvalatın baş verəcəyindən qorxurdu. I.Şıxlı. Heç bir zaman - əsla, qətiyyən, heç vaxt. [Səlim:] Haqsızlıq əfv olunmaz heç bir zaman. H.Cavid. [Aslan bəy:] Yox, bir söz dedimi, heç bir zaman unutmaz... C.Cabbarlı. Ancaq onu da deyim ki, mən heç bir zaman ölümdən qorxmamışam. M.Hüseyn. Heç zaman - heç bir vaxt, əsla, qətiyyən. Onu heç zaman unutmaram. - Dünyadan heç zaman kəsilməyəydi; Gözəl, şən nəğməli bu quş səsləri. N.Rəfıbəyli. Hər zaman - daim, həmişə, hər vaxt. Plov hər zaman hazırdır, - deyə Firəngiz oyalanıb qəti bir qərarla dilləndi. S.Rəhimov. Nə zaman - haçan, havaxt. Qovuşub bahara yaşıl bağçada; Belə bəzənmisən nə zaman, budaq? M.Dilbazi. O zaman ki - o vaxtda ki... onda kizaman-zaman zərf Hərdən, gah-gah, vaxt-vaxt. Könüldə qönçələnir cahan-cahan fəryad; Dilim bu vəchdən eylər zaman-zaman fəryad. Qövsi. Qazamat divarları uca; Qapının yarımay deşiyindən; Zaman-zaman görünür bir qoca. R.Rza. Zaman-zaman gözlərimi boşluqlara dikmişəm; Günün, ayın, ulduzların keşiyini çəkmişəm. M.Rahim. Tarix qalın bir kitabdır; Vərəqlənir zaman-zaman. H.Hüseynzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....