Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YOX
əd. 1. Xəbər mənasında. Bir şeyin hazırda, yaxud ümumiyyətlə olmadığını bildirir (var ziddi). Yeməyi bol, iştahası yox. - Var evi - kərəm evi; Yox evi - vərəm evi. (Ata. sözü). Yox vaizin sözünə sözüm kim, behişt var; Kuyin bir özgə, cənnəti-didarın özgədir. Qövsi. // Həmin mənada adətən yoxdur şəklində işlənir. Evdə heç kəs yoxdur. Zalda boş yer yoxdur. Bu barədə heç bir şübhə yoxdur. - [Əsgər:] Görünür ki, heç bir yol yoxdur. U.Hacıbəyov. Yoxdur təbiətdə bu ayrılıqlar; Bütün kainatın bir ahəngi var. S.Vurğun. Ay süd kimidir... Bir ləkə yoxdur bənizində; Yerlər də çimir sanki bu dəm nur dənizində. Vahabzadə.
2. Suala mənfi cavab və ya bir şeylə razı olmamağı bildirmək üçün işlənir (hə, bəli ziddi). - Bu axşamkı tamaşaya biletin varmı?
Yox. - Sənə nə olub, xəstə deyilsən ki? - Yox. Sən bununla razısanmı? - Yox. - Gedəcəksən, ya yox? - Yox, hələ dayan, fikirləşmək lazımdır. // İnkar edilən şeyin təkrarlanması ilə. - Sabahkı qonaqlığa gələcəksənmi? - Yox, gəlməyəcəyəm. - Bu işi iki günə görüb qurtarmaq olarmı? - Yox, olmaz. - [Aslan bəy:] Yox, hələ də gəlməmiş. C.Cabbarlı. [Süleyman:] Yox, xala, daha bu qədər dul qaldın bəsdir. U.Hacıbəyov. // Ümumiyyətlə, etiraz, narazılıq bildirmək üçün işlənir (bəzən təkrar şəklində). Yox, yox, buna dözmək olmaz. Yox, yox, razı deyiləm. - Yox, yox, mənim fikrimə başqa şey gəlir. U.Hacıbəyov. Yox, yox, bəsdir, qarı nənə; Bu sözləri demə mənə. S.Vurğun. // Söylənmiş fikri, sözü düzəltmək üçün işlənir. Dur get, sabah axşam gələrsən. Yox, ertəsi gün. Bu saat sənə deyim. Yox, özün tap. - Yox, o ağlamırdı. Göynəyirdi. M.Hüseyn. // Bir şeyi rədd və ya qadağan etməyi bildirir. - Söz verirəm ki, ... - Yox, söz-zad vermə. - istəyirəm ki, görüşünə gəlim. - Yox, sən gəlmə, mən özüm gələrəm. // Cümlədə inkar bildirən xəbərin, yaxud söz birləşməsinin əvəzində işlənir. O deyir ki, bu saat getmək lazımdır. Mən deyirəm - yox. Sən onu çox dərin adam hesab edirsən. Mən - yox. Bax gör, qayıdacaq, ya yox.
İs. mənasında. Yoxa çarə yoxdur. Yoxun üzü qaradır. Yoxdan bir şey ortaya çıxarmaq. - Verdilər knyaza “yox” xəbərini; Ovuşdurub bir az o, əllərini; Əmr etdi qoşuna: “Vurun birbaşa!” H.K.Sanılı.
Bağl. mənasında. Deyil. Ona dağ havası yox, dəniz havası xeyirlidir. Bu məsələ tək bizi yox, bütün kollektivi düşündürür. - Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. M.Hüseyn. Maya uşaqlıqdan atı sevərdi, lakin yükdaşıyan qoşqu atlarını yox, yallı-yəhərli minik atlarını. M.İbrahimov. Yoxam şəklində - sevmirəm, acığım gəlir, xoşum gəlmir (varam ziddi). Mən buna yoxam. Yoxdur şəklində - 1) cümlədə işi bildirən xəbər mənasında; 2) özündən əvvəlki sözün mənasına müsbətlik çaları verir. istisuyun yay aylarında hüsnü yoxdur.
□□ Yox a! - təəccüb, heyrət bildirir. - Az qala yıxılmışdım. - Yox a! Yox demək - mənfi cavab vermək, rədd etmək, qəbul etməmək. [Rüstəm bəy:] Qızım, yox deyirsən? Ü.Hacıbəyov. Yox deyil - vardır, mövcuddur, yaşayır. Yox deyil dünyada; namərd dost, kəmfürsət adam. R.Rza. Yox etmək - puça çıxarmaq, heçə çıxarmaq, məhv etmək, boş yerə sərf etmək. Varın yox edən sərrafa əvvəl nəzərin var; Sonra həzərin var. M.Ə.Sabir. Qaranlıq gecədə buradan qaçaq; Bizi yox etməyi yağı arzular! H.K.Sanılı. Yox olmaq - 1) çıxıb getmək, gözdən itmək; 2) itmək, yoxa çıxmaq, gözdən itmək. Çoxdandır ki, bu kağız bizim evimizdən yox olmuşdu. M.S.Ordubadi. Hamımız alaçıqdan çıxdıq. Qızılquş yox olmuş, uçub getmişdi. A.Şaiq. Səlimnaz arvad gəldiyi kimi də yox oldu. M.Hüseyn; 3) çəkilmək, görünməz olmaq; 4) tükənmək, bitmək. Yox oldu səbrü sükun həsrəti-dəhanində; Qəmündə qarət olub hər nə var, ey xaliq! S.Ə.Şirvani. Yox olmuş - qarğış ifadəsi. Neyləyim, axır, bu yox olmuşların; Fikrini qanqan görürəm, qorxuram. M.Ə.Sabir. Yox olsun! - məhv olsun! rədd olsun! Yox yerə bica, əbəs, nahaqdan, səbəbsiz, heç bir səbəb olmadan. Aldı əqlü huşumu şövqi-dəhanı dilbərin; Getdi əldən yox yerə məcmui-varım, ey könül! S.Ə.Şirvani. Yoxa çəkilmək - tapılmamaq, qıtlaşmaq. Yoxa çıxmaq - görünməmək, itmək, qeyb olmaq, yox olmaq. Neçə böyük cəzirələr yoxa çıxdı dənizlərdə. N.Rəfibəyli. Yoxdan var etmək - heç bir şeydən yaxşı bir şey vücuda gətirmək, yaratmaq. Yoxdan yaranmaq - çox arıq, cılız adam haqqında. Bu gün var (varam, varsan), sabah yox (yoxam, yoxsan) - həyatın müvəqqətiliyi haqqında. Heç yox - bax heç. Nə var, nə yox? - bax var1. Nə yoxdur - hər şey var. Mağazalarda nə yoxdur. Söz yox - bax söz. Söz yoxdur - bax söz.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....