Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YATMAQ
f 1. Yuxu halında olmaq; yuxulamaq. Bərk yatmaq. Uzanıb yatmaq. Yatıb dincini almaq. Yatdığı yerdə (yorğan-döşəkdə, yuxuda olduğu zaman). - Gecəni yatdıq ki, səhər duraq, Məşədi Qulamhüseyn ilə bahəm Naxçıvana gedək. C.Məmmədquluzadə. Xüsusən ev qulluqçuları, gədə, Almaz və qulluqçu qız Pəri o gecə səhərə kimi yatmamışdılar. N.Nərimanov. □ Yatıb qalmaq - vaxtında ayılmamaq. Yatıb durmamaq - ölmək. // məc. Əbədi istirahətgahda olmaq, dəfn olunmaq. Qəbirdə yatanlar (ölülər). Bu qəbirdə kim yatır? // Yuxulamaq üçün yatağa girmək. Saat neçədə yatırsınız? O, çox tez yatır. - Mirzə iştahasız nahar yeyib yatmaq istədi, hərçi çalışdı, yuxusu gəlmədi. Ə.Haqverdiyev. // Uzanmaq, uzanmış vəziyyət almaq. Tutdular bərəni, eyləməyib ləng; Yatdılar səngərə o iki pələng. H.K.Sanılı. // Gecəni keçirmək. Gecəni harada yatırdınız?
2. Xəstə olmaq, xəstələnmək, azarlamaq, yorğan-döşəyə düşmək (bəzən “xəstə” sözü ilə). Düz iki ay yatdım. Çoxdandır yatır. - Bir aya qədər Rəştdə xəstə yatdım. S.Hüseyn. Nəhayət, Almaz xeyli sozaldı, bir gün durdu, o biri gün yatdı, axırıncı dəfə yıxıldığı yerindən qalxmadı. S.Rəhimov. Şərəf ölümcül halda hospitalda yatırkən döyüşdən göz açmayan Rüstəm onu unuda bilmirdi. M.İbrahimov. Uçulmaq, düşmək, süqut etmək, dağılmaq. Toplar guruldadı, saraylar yatdı; Bunları insanın əli yaratdı. S.Vurğun. // Çökmək, enmək. Suyun bulanlıq olmağına səbəb onun içində üzən xırda torpaqdır. Belə saxlanan zaman onlar suyun dibinə yatdığına görə su durulur. H.Zərdabi. Maşın düşərgəyə doğru irəlilədikcə təkərin altından çıxan toz bulud kimi qalxıb otların üstünə yatırdı. M.İbrahimov.
Bir işin, hadisənin təsiri azalmaq, zəifləmək, sakitləşmək, dayanmaq, qurtarmaq. Külək yatdı. istilər bir az yatdı. Hirsi yatdı. Ehtiraslar yatdı. - Yaz gəldi, bahar oldu, qışın şiddəti getdi; Qar bitdi, külək yatdı, soyuq axıra yetdi. A.Səhhət. [Çiçək xanım:] A Fatma xanım, dincəldinmi? Nasın-pasın yatdımı? N.Vəzirov. Dava təzə şey deyil. Mən bu altmış yaşımda davanın yatdığını görməmişəm. Mir Cəlal.
məc. Qəflət etmək, qəflətdə olmaq, arxayın olmaq, xəbərsiz olmaq, heç bir hərəkət göstərməmək. Yatmaq vaxtı deyil! Yatanları oyatmaq (qəflətdə olanları ayıltmaq). Yatmısan, heç nədən xəbərin yoxdur. - indi isbatihünər, sidqü sədaqət vaxtıdır! Yatmayın, huşyar olun, iş vaxtı, qeyrət vaxtıdır! M.Ə.Sabir. ..Qorxuram iranın hürriyyətinə ümidvar olub yenə yatasınız. C.Məmmədquluzadə.
məc. Dayanmaq, işləməmək, fəaliyyətdən qalmaq. iş yatıb qalıb. - Qəzetənin həmişəlik yatmağı bu qərar ilə əmələ gəldi. C.Məmmədquluzadə. Qış-yay elə bir gün olmamışdır ki, Musanın dəyirmanı yatsın. İ.Əfəndiyev.
Keyimək, uyuşmaq, yuxulamaq. Ayaqlarım yatıb. Yığılıb qalmaq, işə getməmək, satılmamaq (bu mənada adətən “yatıb-qalmaq” şəklində işlənir). Dükanlarda mal yatıb qalıb.
Həbsxanada olmaq, həbsdə olmaq, məhbus (dustaq) olmaq. Hərif neçə il yatıb? - [Müəllim] zənn etdi ki, Tellinin əri ölmüşdür və ya bir cinayət yapmış da, həbsxanada yatır. S.Hüseyn.
Bir sıra sözlərə qoşularaq müxtəlif ifadələr düzəldilir; məs.: ürəyinə yatmaq, könlünə yatmaq, ağlına yatmaq, dilinə yatmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla