Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
UZUN
sif. 1. İki ucunun arası çox, çox olan (qısa ziddi). Uzun ağac. Uzun ip. Uzun tir. Uzun saç. - [Laçın] əlində uzun bir dəyənək beş-altı baş keçi və qoyunu otarmağa aparırdı. H.Nəzərli. Ortada uzun, lakin ensiz ayaqaltı xalça salınmışdı. M.İbrahimov. // Uzunluğu bir qədər (lüzumundan) artıq olan. Uzun palto. Uzun köynək. Paltarın qolu uzundur, gödəltmək lazımdır. - Gülşad göyzəmin krepsatindən yaxası düyməli, uzun don geymiş(di). Ə.Əbülhəsən. // Boyca hündür, ucaboylu. Uzun qamət. Uzun boy. - Uzun, motalpapaqlı bir çoban, Sarxanı heç saymayır, ağzına gələni deyirdi. M.Hüseyn. Uzunsürən, çoxsürən, uzun müddət davam edən. Uzun məruzə. Uzun tənəffüs. Uzun mübahisə. - Kəsilibdir, yoxdur səbrü qərarım; Bir saətim olub uzun illər, hey! M.V.Vidadi. Xülasə, uzun söhbətlər oldu, genə heç kəs bu sirdən agah ola bilmədi. Çəmənzəminli. // Zərf mənasında. Müəllimin getdiyi beş gündü. Bu günlər [Telliyə] çox uzun görünürdü. S.Hüseyn. ..Hər dəqiqəsi bir ömür qədər uzun görünən cəbhə vuruşmasından biryolluq qurtarmaq arzusu artırdı. H.Nəzərli. □ Uzun sürmək (çəkmək) - uzun müddət davam etmək, çox davam etmək, çox çəkmək. [Xudayar bəylə Kərbəlayı Cəfərin] söhbəti çox uzun çəkdi. C.Məmmədquluzadə. Söhbət uzun sürmədi. Ə.Vəliyev. // Sürəkli, davamlı, arasıkəsilməyən. Təkərlərdən tükürpərdən uzun bir səs qopdu. M.Hüseyn. Telefon uzun bir zəng vurdu. B.Bayramov. // zərf Daim, arasıkəsilmədən, həmişə. Uzun danışmaq. - [Səfər:] Rəhmətliyin qızı, hələ uzun ağlayır. C.Cabbarlı.
Lüzumundan artıq, təfsilatlı. Uzun söhbət açmaq. Uzun təfərrüat. - Vuruşarkən uzun (z.) danışmaq mənə çox baha oturdu. M.Hüseyn. Uzun (z.) danışmayın, deyirəm sizə; Dərinizi soymaq borc olsun bizə. S.Rüstəm.
məc. Qurtarmayan, həlli çətin, tez başa gəlməyən; dolaşıq, yorucu. Uzun iş. Məsələ uzundur. Uzun həngamədir. - Bunların hamısı [evin təmirinə hazırlıq görülməsi] uzun işdi. C.Məmmədquluzadə. [Qaraş Mayaya:] Sağ ol ki, görən kimi ulduzun barışdı, axı, gəlin-qayınana işi uzun işdir. M.İbrahimov. Uzunu şəklində - 1) uzunluğu, uzununa ölçüsü, boyu. Xalçanın eni bir, uzunu iki metrdir. - Tövlənin iyirmi səkkiz arşın uzunu, yeddi arşın yarım enidir. Qantəmir; 2) ...boyunca, ...davamınca, ...uzunluğunda. Küçə uzunu bir-birinin ardınca maşınlar düzülüb. Zal uzunu xalçalar döşənib. - Hər iki divar uzunu ağ parusin örtüklü stullar düzülmüşdü. M.Hüseyn. □ İl uzunu - bütün il, ilboyu, bütün il müddətində. İl uzunu çalışmaq. Tədqiqat il uzunu davam etdi. İl uzunu onu görməmişəm. - [Alı Səfi bəyə:] Bizi xam tovlamışdın, il uzunu işlədib, bir qəpik də vermirdin... Daha indi bəy-zad dəbdən düşdü! Çəmənzəminli. İllər uzunu - illərcə. Ey illər uzunu çiçəksiz, otsuz; İlanlar yatağı olan Mil düzü! M.Müşfiq.
□□ Uzun sözün qısası ara s. mənasında xülasə, bir sözlə, müxtəsər (danışılanlara yekun vurma məqamında işlənir). [Hacı Əhməd Almaza:] Bacıqızı, uzun sözün qısası, biz səndən incimişik. C.Cabbarlı.
uzun... - mürəkkəb sözlərin uzunluq bildirən birinci tərkib hissəsi; məs.: uzunayaqlı, uzunbığlı, uzunsürən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....