Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SAQQAL
is. 1. Kişilərin üzündə və alt çənələrinin üstündə bitən tüklər. Uzun saqqal. Saqqal qoymaq. - [Məşədi ibad:] Hə... Çünki mən saqqalıma həna qoyuram, elə bildim ki, sən də saçına həna qoyursan. U.Hacıbəyov. [Musa:] Saqqal yalnız üzü örtən tüklərdən ibarətdir. S.Rəhman.
Bəzi heyvanların və quşların çənəsinin altından sallanan tük topası. Keçi saqqalı.
□□ Saqqal ağar(t)maq - qocalmaq. Saqqal ağarıb, bel bükülüb, dinmə, filanı; Ovqatım olub təlx. M.Ə.Sabir. Ağardı saqqalı, saçı qar oldu; Sənəti sərxoşluq və qumar oldu. S.Vurğun. Saqqala (saqqal içinə) ağ düşmək - bax saqqalı ağarmaq. Saqqala salam verməmək zar. - saymamaq, etinasızlıq göstərmək. Oğlan, saqqala niyə salam vermirsən? Ə.Haqverdiyev. [İnayət:] Xoş gördük, ay Məşədi Püstə bacı. Əlin böyüklər ətəyindədir, yenə saqqala salam vermirsən. H.Sarabski. Saqqala soğan doğramaq - ələ salmaq, oynatmaq, masqaraya qoymaq. [Rüstəm Səkinəyə:] Deməli, bu ağbirçək vaxtında saqqalıma soğan doğramaq qalmışdı, hə? M.İbrahimov. [Əşrəf Sədəfə:] Bacı, saqqalıma soğan doğrama. B.Bayramov. Saqqalbığ basmaq - üz-gözü tüklənmək, saqqalıbığı uzanıb bir-birinə qarışmaq. ..Qapıdan cır-cındır içində, saqqal-bığ basmış bir adam girdi. Çəmənzəminli. Saqqalı çallatmaq bax saqqal ağartmaq. [Səməndər Mixailə:] Saqqalı çallatsan da, yaman boşboğazsan ha! B.Bayramov. Saqqalı ələ vermək - başqasının təsiri altına düşmək, başqasının iradəsinə tabe olmaq, ixtiyarını başqasının əlinə vermək. Saqqalım yoxdur, sözüm ötmür sözünə əhəmiyyət verilməyən, sayılmayan, dediklərinə qiymət verilməyən adamın özünə göstərilən münasibətə qarşı istehzalı cavab ifadəsi. [Salamov:] Gördün, ağa Bahadır, nə oldu? Salamməleyküm! Saqqalım yoxdur, sözüm ötmür. C.Cabbarlı. Saqqalın ağarsın! qocal, uzun ömür sür mənasında alqış ifadəsi. Saqqalın tökülsün! - qarğış məqamında işlənən ifadə. [Arvad:] A kişi, mənim üstümə arvad alırsan? A sənin saqqalın tökülsün. U.Hacıbəyov. Saqqalına dən düşmək - qocalmağa, yaşa dolmağa başlamaq. Qərənfilin atası Rüstəm kişi qısaboy bir adamdı. Saqqalına dən düşmüşdü. S.Rəhman. Saqqalında bir tük (sağ) qoymamaq - bərk dalaşmaq, saqqalını yolmaq, saqqalının tüklərini didmək (ər haqqında). [Arvad:] Görək, Kərbəlayı Qubad, hərgah sənin saqqalında bir tük qoysam sağ, onda bu ləçək mənə haram olsun. U.Hacıbəyov. Saqqalını (saç-saqqalını) dəyirmanda ağartmaq - 1) çox görüb, çox işləyib böyük təcrübə qazanmaq; 2) qocaldığı halda heç bir şey öyrənməmək. Saqqalının ağ vaxtında - qoca vaxtında, yaşlı çağında. [Sultan kəndlilərə:] Balam, mən saqqalımın bu ağ vaxtında necə sizə izin verim ki, gedib quldurluq edəsiniz? C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....