Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NİTQ
is. [ər.] 1. Danışma, fikrini sözlərlə ifadə etmə qabiliyyəti. Nitq üzvləri. Nitqi inkişaf etdirmək. // Danışıq, danışma tərzi;
tələffüz. Aydın nitq. Rəvan nitq. // Ümumiyyətlə, danışma, söz, kəlam. [Xurşid:] Sən mənimtək naçizin nitqin əcəb təqdir edib; Xalq ara timsal olub sənətə etdin ibtida. Ü.Hacıbəyov. O tayda çadrasız dolaşan qadına; Sual ver, nitqindən saçılsın ildırım. M.Müşfiq. □ Nitqdən düşmək (qalmaq) danışa bilməmək, susmaq, lal olmaq, dili tutulmaq. Nitqdən düşdüm ləbi-ləli-dürəfşanın görüb. Füzuli. Onun sanki dili nitqdən qalmışdı. Mir Cəlal. Nitqə gəlmək - danışmağa başlamaq, dilə gəlmək. Nitqi açılmaq - danışmağa başlamaq, dili açılmaq. [Hacı:] Şərab həmişə insanın mizacını açır, kefini yüksəldir, görürsən ki, şairin təbi gəlir, natiqin nitqi açılır. B.Talıblı. Nitqi tutulmaq (bağlanmaq, batmaq, kəsilmək, qurumaq, çəkilmək) - danışa bilməmək, dili tutulmaq, danışmaq qabiliyyətini itirmək (sevincdən, fərəhdən, həyəcandan və s.-dən). Könlüm açılır zülfi-pərişanını görgəc; Nitqim tutulur qönçeyi-xəndanını görgəc. Füzuli. Molla Tarıverdi başladı yarpaq kimi titrəməyə və nitqi kəsilib daha danışa bilmədi. E.Sultanov. Sual [Şirəlini] elə sarsıtdı ki, bir neçə saniyə nitqi qurudu. S.Rəhman. Eşitdiyi sözlərdən sanki [ovçunun] nitqi batmışdı. Ə.Məmmədxanlı.
2. İclasda, yığıncaqda, mitinqdə və s.-də camaata, dinləyicilərə xitabən irad olunan söz. Hərdənbir teleqramlarda vəkillərimizin nitqlərini oxuyub günümüzü bir tövr keçiririk. C.Məmmədquluzadə. Kəndliləri yeni quruluşun qanunu ilə tanış etmək və onların biliklərini artırmaq üçün kənd camaatına tez-tez nitq və məruzələr oxuyurdular. S.S.Axundov. Nitq irad etmək - nitq söyləmək. Edərək hər tərəfdə nitq irad; Xəlqi dəvətlə eylədik irşad. H.Cavid. Nitq söyləmək - kütləvi yerlərdə, yığıncaqlarda müəyyən məsələ ətrafında danışmaq, fikir söyləmək, çıxış eləmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....