Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NƏFƏS
is. [ər.] 1. Ciyərlə havanı içəri alıb buraxma (insan və heyvanlarda oksigen udub karbon qazı buraxma prosesi). Nəfəs üzvləri. Dərindən nəfəs almaq. // Ciyərlə alınıb buraxılan hava. [Müəllim və Tellinin] başları bir-birinə çox yaxın olduğu üçün hər ikisi bir-birinin nəfəsindən gələn sıcaqlığı hiss edirdi. S.Hüseyn. Əmirxanı oyatmayır, dincəlsin deyə; Bəzən onun nəfəsinə qulaq da asır. S.Vurğun. // məc. Əlamət, iz, qoxu, təzahür. Yazın ilk nəfəsi eşidilməyə başladığı bir gündə
o, bütün bədəninin od kimiyandığını hiss etdi. M.İbrahimov. Yol onu dik qalxan bir yoxuşa gətirib çıxararkən yolçu üzündə, yaxınlığı hiss olunan dağların soyuq nəfəsini duydu. Ə.Məmmədxanlı. □ Nəfəs(ini) dərmək müvəqqəti rahatlanmaq, dincəlmək üçün dayanmaq, azacıq istirahət etmək, yorğunluğunu almaq. [Muzdur] axır bir nəfəsini dərib pulun hesabına getməyə başladı. S.M.Qənizadə. Bir hovur oturub nəfəs dərməyə bir daş kölgəsi də yox idi. Mir Cəlal. Nəfəsi qaralmaq (daralmaq, darıxmaq, tutulmaq) boğulmaq, çətinliklə nəfəs almaq, tövşümək, təngnəfəs olmaq. [Yasavul:] Başınıza dönüm, ay ağa, ağzımı elə bağlasınlar ki, nəfəsim darıxmasın. N.Vəzirov. Xalidənin halına qalmaq lazım idi, nəfəsi qaralmış idi. S.Hüseyn. Nəfəsini qısmaq (gizləmək) - susmaq, sükut etmək, dinməmək. [Cavahir xatunun] hər bir kəlməsini yaxşı eşitmək üçün hamı nəfəsini qısıb dinlədi. M.Hüseyn.
məc. köhn. “Söz” , “dil” mənasında. Heç doğru deyil bunun nəfəsi; Nə qəzetdir, tamam pul tələsi. S.Ə.Şirvani. Süleyman bəy keçmiş günlərdən - Tiflis, Kislovodsk, Vladiqafqaz, Moskva səyahətlərindən qızğın bir nəfəs ilə lafvurmaqda idi. Ə.Haqverdiyev.
“Səs” mənasında. Xanəndənin nəfəsi dinləyiciləri valeh etdi.
□ Nəfəs almaq (çəkmək) - 1) dincəlmək, istirahət etmək. [Qəhrəman:] Bizimkilər irəliləyəndə mən yoldaşlarım ilə bir az asudə nəfəs alırdıq. H.Nəzərli; 2) rahatlanmaq, sakitləşmək, əziyyətdən qurtarmaq, iztirab və gərginlikdən qurtarmaq. Hamının qəlbindən xof-xətər getdi və hamı [Məhəmməd Qacarın] qətlindən sonra asudə və arxayın nəfəs aldılar. F.Köçərli. Gənc ailə asudə nəfəs alaraq xoşbəxt yaşayışına yenidən davam etməyə başladı. Çəmənzəminli. Nəfəs vermək ruhlandırmaq, həvəsləndirmək, ruh vermək. Ətrafdan baxan hər bir kəs sanki Fərhadoğlunun ürək döyüntüsünü eşidib ona cürət və nəfəs verirdi. S.Rəhimov. Nəfəs vurmaq din. - uğursuz söz demək, göz vurmaq, nifrin tökmək, qarğımaq. Nəfəsdən düşmək əldən düşmək, üzülmək, taqətdən düşmək, incimək, əziyyət çəkmək. [İsrafil:] Ay arvad, altıma bir şey sal, nəfəsdən düşmüşəm. Ə.Haqverdiyev. Nəfəsi kəsilmək - 1) əldən düşmək, taqətdən düşmək, üzülmək; 2) məc. ölmək. Qızın gözləri çoxdan axmış, nəfəsi kəsilmişdi. Mir Cəlal. Nəfəsini kəsmək əldən salmaq, taqətdən salmaq, üzmək. Bu iş nəfəsimi kəsdi; 2) öldürmək. [Mirzə Heydər:] ..Tez buyuryazım, bəlkə Hacı oyandı elədi, mənim nəfəsimi kəsər. Ə.Haqverdiyev. Qatilləri onun nəfəsini kəsmək istəyirdilər. S.Hüseyn. Bir nəfəs - bir an, bir dəqiqə, bir saniyə. İstəriz azad olaq zindani-qəmdən bir nəfəs. M.Hadi. Son nəfəsdə - can üstə, ölərkən. Son nəfəsə qədər (kimi) - həyatının axırına kimi, ölənə kimi, ölənəcən. ..Qız yaxşı adama rast gələrsə, son nəfəsinə qədər sədaqət və məhəbbət saçaraq yaşayacaqdı. M.İbrahimov. ..Həyat özü darülfünundur, insan son nəfəsinə qədər öyrənməlidir. Ə.Sadıq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....