Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QULAQ
is. 1. İnsan və heyvanlarda eşitmə orqanı. Qulağı ağrımaq. Qulaq həkimi. Nəvəsi onun .. burnundan, qulağından yapışır, boğazının altını qıdıqlayır. M.Rzaquluzadə. Qulaqları örtmək üçün papağın yanlarından sallanan hissəsi. Papağın qulaqlarını salmaq.
Bir şeyin qırağı, yanı, kənarı, ucu. Ikincisi, mən ömrüm olanı səndən savayı bir qadına gözümün qulağı ilə də baxmayacağam. Ə.Haqverdiyev. Günəşin qulağı batdımı, kimsə bu mədənin yanından keçə bilməzdi. Şaiq. Məmməd bəy dinmirdi, düşüncə içində gəlib körpünün qulağında oturdu. Çəmənzəminli. // “Bir” sözü ilə: bir tikə, bir parça, bir qırıq, bir az, azacıq, cüzi. Kişi çörəkdən bir qulaq qoparıb etinasız və hətta acıqlı bir hərəkətlə yerə atdı. M. İbrahimov. Hər nə varsa, bir qulaq gətir, iştahadan yaman kəsilmişəm. S.Rəhimov. Arvadlar qəzeti o qədər dartışdırdılar ki, bir qulağı qırıldı. Mir Cəlal.
Arabada: oxların təkərdən kənara çıxmış ucu. Arabanın qulağı sındı. - Kəndin küçələrindən birində tini burulanda heç gözlənilmədən arabanın taxta oxunun qulağı divara toxunub (sındı). H.Sarabski.
□ Bir qulağından alıb, o biri qulağından çıxartmaq, yaxud bu qulağından vurub, o qulağından keçirmək - eşidərək əməl etməmək, deyilən sözə əhəmiyyət verməmək, tapşırılan sözü, işi, təklifi yerinə yetirməmək, vecinə almamaq, saymazlıq göstərmək. Tükəzban bunlara bilmərrə fikir verməyib, dalınca söylənən sözləri də eşidəndə bu qulağından vurub, o qulağından keçirərdi. B.Talıblı. Qulağa girmək məc.
bir şey bilməyə, söz çəkməyə çalışmaq. Qulağı ağır olmaq - 1) ağır eşitmək, yaxşı eşitməmək; 2) işdə kahal və tənbəl olmaq, səhlənkar olmaq. Qulağı batmaq - kar olmaq, eşitməmək. Qulağı cingildəmək
1) qulağında zəng səsi kimi bir səs eşitmək; 2) sözünün başqası tərəfindən danışıldığını hiss etmək. Qulağı çəkilmək - tənha və uzaq bir yerdə qalıb darıxmaq, qəribsəmək, ürəyi qısılmaq, könlü sıxılmaq. Qulağı dəng olmaq - səs-küydən təngə gəlmək, səsdən təngişmək. Qulağı dinc olmaq rahat, asudə, sakit, qeydsiz-qayğısız olmaq, canı rahat olmaq. Insanın əvvəl-qabaqca düşməni olmasa, söz yox ki, qulağı dinc olar.. C.Məmmədquluzadə. Qulağı dincəlmək rahat olmaq, asudələşmək, qeyddən-qayğıdan azad olmaq, heç bir şeyin dərdini çəkməmək. Qulağı dolmaq - bir şeyi çox eşitməkdən ona adət etmək, öyrəşmək, inanmaq. Qulağı ... olmaq - birinin danışdığı sözlərə diqqətlə qulaq asmaq, bir sözünü qaçırmamaq. Xanın gülər gözləri Ömər xanın gözlərinə dikilmişdi. Vaqifin də qulağı onda idi. Çəmənzəminli. Qulağı səsdə olmaq - bir şeyin intizarında olmaq, bir xəbər gözləmək. Qulağı səsə düşmək - heç bir səs olmadığı halda, qulağına səs gəlmək. Gülpəri qulağının səsə düşdüyünü güman edib, yerinə uzanmaq istərkən, eyni zəif taqqıltı yenə eşidildi. M.Hüseyn. Qulağına arı vızıltısı kimi gəlmək - heç bir əhəmiyyət verməmək, qətiyyən saymamaq, vecinə almamaq. Qulağına barmaq tıxamaq - qulaq asmaq istəməmək, qulaq verməmək, eşitməməyə çalışmaq, eşitmək istəməmək. Qulağına batmaq - təsir etmək. Bizə aşkardır ki, yazdığımız mətləblər avamın qulağına batmaz və bata bilməz. C.Məmmədquluzadə. Qulağına çatdırmaq - bir sözü, ya xəbəri hər hansı bir vasitə ilə eşitdirmək, bildirmək, xəbər vermək. Qulağına çatmaq - bir sözü, ya xəbəri hər hansı bir vasitə ilə eşitmək. Barxudarın yaxşı işlərindən danışılan sözlər qoruqçu Ağanın arvadı Bədirnisənin qulağına çatdı. Mir Cəlal. Qulağına dəymək - eşitmək, eşidən kimi olmaq. Azca keçməmiş iki atlının ayaq səsi küçədən Gülnazın qulağına dəydi. M.İbrahimov. Qulağına əyilmək - qulağına söz demək. Anam mətbəxdə qurdalanırdı. Yanlayıb qulağına əyildim. Mir Cəlal. Qulağına girməmək təsir etməmək, kar etməmək, əsər etməmək, saymamaq, əhəmiyyət verməmək. ..Bu danışıqların heç biri mənim qulağıma girmir. C.Məmmədquluzadə. Qulağına pambıq tıxamaq- bax qulağına barmaq tıxamaq. Qulağına pıçıldamaq - yavaşca və xəlvəti söyləmək, pıç-pıç danışmaq. Qulağına söz girməmək (batmamaq) - söz təsir etməmək, deyilən sözə qulaq asmamaq. Qulağına yetişmək - b a x qulağına çatmaq. İki çağırım qədər getmişdik ki, uzaqda biçinçilərin oraqlarının qat-qarışıq səsləri qulağımıza yetişdi. A.Şaiq. Qulağında sırğa olmaq - təcrübədən çıxmaq, imtahandan çıxmaq, bir sınaq nəticəsində ayıq və sayıq olmaq, yadından çıxarmamaq. Qulağından çıxmaq - yadından çıxmaq, unudulmaq. Qulağından pambığı çıxarmaq ayılmaq, qəflətdən ayılmaq, düşünmək. Çıxar pambıq qulağından, gözün aç; Ki, həşr oldu və çalındı bu gün sur. Nəsimi. Qulağını burmaq - b a x qulağını çəkmək. Qulağını (qulaqlarını) çəkmək - yüngülcə cəzalandırmaq, tənbeh etmək. Qulağını (qulaqlarını) doldurmaq - bir fikri və s.-ni daima birinə təlqin etmək, beyninə yeritmək, inandırmağa çalışmaq. [Rəcəb:] ..Mən yavaş-yavaş Zinyət xanımın qulağını doldururam. N.Vəzirov. ..Hacı Mir İbrahim ağa və sair ağa və mollanümalardır ki, hərəsi öz ətrafına bir dəstə yığıb, avamın qulaqlarını doldururlar ki, hər kəs onlara itaət etsə, behiştə daxil olacaq. “Mol. Nəsr.” Qulağını sallamaq - 1) anlamamaq, deyilən sözü qanmamaq; 2) boş-bikar durmaq, avara gəzmək. Qulağını saza vermək - saymamaq, bir sözə qulaq asmayıb başqa işlə məşğul olmaq. Qulağını tutmaq - b a x qulağına barmaq tıxamaq. Qulağını tutub qaçmaq - bir sözü və s.-ni eşitmək istəməmək, nifrət etmək. Qulağının ardını görəndə - heç vaxt, qətiyyən, əsla. Qulağının dibi saralmaq - ölümü yaxınlaşmaq. Qulağının dibində - lap yanında, lap yaxınlığında, yanındaca. Atam məni qolları arasında yük üstünə uzadırkən, qulaqlarımın dibində gurlayan bir səsdən gözlərimi açdım. A.Şaiq. Qulağının dibini görər - heç bir vaxt görməz, əsla görməz. Qulaq asmaq - 1) dinləmək. Bir qulaq as naleyiheyranə, hifz et naləsin; Bəzmi-hikmətdə onu əfsanə eylə, ey həkim! Heyran xanım. Xan .. başını pəncərədən çıxardıb, bir də qulaq asdı. Çəmənzəminli. Mən gedib oxuyanaçalana qulaq asıb, çox el mahnıları və muğamat öyrəndim. H.Sarabski; 2) qulağını qoyaraq yoxlamaq, müayinə etmək. Həkim ürəyimə qulaq asdı; 3) gizli olaraq qulaq vermək, xəbər bilmək, dinləmək, eşitmək. Dadaş, yarım saatdır mən sizin söhbətinizə o biri otaqdan qulaq asıram. N.Vəzirov; 4) deyilən sözə əməl etmək, sözə baxmaq, deyiləni qəbul etmək; // fikir vermək, əhəmiyyət vermək, saymaq. [İskəndər:] Baş üstə, .. amma bunu de ki, mənim sözümə qulaq asan kimdir? C.Məmmədquluzadə. [Mahmud əminin] öz ağlı vardı və belə işlərdə öz bildiyini edirdi, bir kəsin sözünə qulaq asmazdı. B.Talıblı; 5) qeydinə qalmaq, muğayat olmaq, fikir vermək, baxmaq. Uşağa yaxşı qulaq as. Qulaq batırmaq kar etmək, karlaşdırmaq; 2) səs-küydən dəng etmək, gurultudan təngə gətirmək. Qulaq batmaq - dəng olmaq, səsdən, bərk danışıqdan heç şey eşitməmək, kar olmaq. ..Qulağım batdı, nə çox-çox danışırlar. M.Ə.Sabir. Qulaq dincliyi - rahatlıq. [Vəzir:] Vəzirim mənə belə-belə qulluq buyurubdur, sonra qulaq dincliyi bizə haram olar. M.F.Axundzadə. [Gülcamal:] Bu bəy, bu yüzbaşı, bu divanxana; Bir qulaq dincliyi verərmi ona? Z.Xəlil. Qulaq kəsilmək diqqətlə dinləmək, diqqətlə qulaq asmaq, diqqət etmək. Bütün nümayəndələr qulaq kəsilərək, şairin səsini eşitmək .. istəyirdi. M.S.Ordubadi. Başdan-ayağa qulaq kəsilərək müəllimin sözlərini diqqətlə dinləyən Həsən .. son sözləri eşidərkən bütün vücudu sarsılır kimi oldu. A.Şaiq. Qulaq kəsmək aldatmaq, aldadıb pulunu və ya başqa bir şeyini əlindən almaq, hiylə ilə birindən bir şey qoparmaq. Aslan bəyin evlərinə baxırsan, .. o büsatlar, o bəzək, o şücaətlər hamısı adam aldatmaqdan ötrüdür və bizim kimi avam, fəqir-füqəraların qulaqların kəsməkdən əmələ gəlibdir. N.Vəzirov. Qulaq qabartmaq - bildirmədən, hiss etdirmədən qulaq asmaq, gizlindən qulaq vermək. Qulaq-qulağa - 1) tən, bərabər; 2) yanaşı. Qulaq olmaq - güdmək. Qulaq tutmaq qulaq asmaq, fikir vermək. Gər sənə əfqanimi bihudə dersə müddəi; Ol sözə tutma qulaq, mən çəkdiyim əfqanə tut. Füzuli. Qulaq tutulmaq - bax qulaq batmaq. Axşamlar qoyun-quzu mələşə-mələşə obaya dönərkən səsdən qulaq tutulur. A.Şaiq. 0əhərin hər tərəfindən alov qalxırdı, güllə və top səsindən qulaq tutulurdu. Çəmənzəminli. Qulaq vermək - b ax qulaq asmaq və 4-cü mənalarda. Hükəmalar buyurublar: ..sözünü o kəslərə de ki, sənə qulaq verirlər. C.Məmmədquluzadə. Aydınlıq gecədə gözəl bir çeşmənin kənarında cavanlar halə qurub əyləşib, növbə ilə oxuyubçalanlara qulaq verirdilər. Ə.Haqverdiyev; // eşitməyə çalışmaq. Ayna bir müddət uzaqdan gələn tütək səsinə qulaq verdi. Ə.Məmmədxanlı. Qulaqda qalmaq - yadda qalmaq, unudulmamaq. Qulaqda saxlamaq yadda saxlamaq, unutmamaq. Qulağına qurğuşun! - arzu edilməyən və ya adı çəkilmək istənilməyən bir şey (hadisə) haqqında danışılarkən deyilən ifadə. Qulaqlarını (qulağını) şəkləmək - 1) səs və s.-dən hürkərək qulaqlarını dikləmək. Mahmud atdan yerə sıçradı. Ürkə töyşüyə-töyşüyə su içmək üçün başını irəli uzadanda silah səsindən diksinib qulaqlarını şəklədi. M.Hüseyn; 2) məc. çox maraqlanmaq, bir şeyi eşitmək həvəsində olub bütün diqqətini ona vermək. Çox adam qulağını şəkləyib durur. A.Şaiq. Əli qulağında - tam vaxtında, lap vaxtında. Yerin, divarın qulağı var - danışarkən ehtiyatlı olmaq lazım gəldiyini bildirir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....