Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QOL1
is. 1. İnsan bədəninin, çiynin başından barmaqların ucuna qədər olan iki üzvündən hər biri. Sağ, sol qol. Qolunu qaldırmaq. - Izzət Əhmədin qolundan yapışıb gətirib oturtdu palaz üstə ki, oğlan rahatlansın. C.Məmmədquluzadə. [Telli] sol biləyini gözlərinin üstünə qoymuş, bütün qolu açıqda qalmışdı. S.Hüseyn.
Atın qabaq ayaqlarından hər biri. Atın sağ qolu axsayır. Paltarın qolu örtən hissəsi. Pencəyin bir qolu uzundur. - [Gülbadam] ağ kiseyi köynəyinin enli qolları ilə uşağın alnındakı təri sildi.. N.Nərimanov. Məşədi Həsən çuxasının qolları əlində oynamağa başladı. Çəmənzəminli.
Ağac budağı, şaxə. Ağacın qolları çox genişdir. □ Qol atmaq - şaxələnmək, qolbudaq atmaq, hər tərəfə yayılmaq. Yenə səssiz, cansız yurdlar qol atmışdı hər yana; Alaçıqlar muncuq kimi düzülmüşdü yanyana. A.Şaiq.
Əsas bir şeydən, ana xətdən ayrılan şöbə, hissə, qisim, xətt. Dəmiryol stansiyasından mədənə bir qol ayrılır. - Hansı çay ki gedib dəryaya tökülür, ona böyük çay və ya nəhr; hansılar ki, böyük çaya tökülür, onlara qol deyilir. H.Zərdabi. Kür Xəzərə yaxınlaşdıqca və ona yeni qollar bitişdikcə bu çayın suyu artır. M.Qaşqay. [Gülpəri:] Kəhrizdən qol ayırıb aparıbpambığını suvarıb. Ə.Haqverdiyev. Dağın ətəyindən ayrılır bir qol; Tikanlı kəndinə ayırır bu yol. S.Vurğun. // Dastanın ayrı-ayrı hissəsi, fəsli, hekayəsi, epizodu. [Əmiraslan] özü də dönüb oğluna “Koroğlu” dastanının ayrı-ayrı qollarını nağıl edər(di). S.Rəhimov. // Bir ordunun və s.-nin ayrıldığı hissələrdən hər biri. Çar ordusu üç qola ayrılmışdı. Onların bir qolu Şahzadə bağına qapanmış(dı).. M.S.Ordubadi. Dəstəmiz qollara ayrılmalı, hərəkət təlimi verilməli idi. Mir Cəlal.
Cinah, tərəf, səmt. Sağ qol. Sol qol.
Sağ qoldan isə öz vurulmuş tanklarının ardınca qalxan bu piyada Muxtarov, Dadaşın qəfil və sərrast atəşi altına düşdü. Ə.Əbülhəsən.
İmza. [Süleyman:] Necə etməz, bəs bu boyda peçatı, bu yoğunluqda qolu görmürsən? M.İbrahimov. [Gəldiyev] inanmışdı ki, qulluq işində adamı yıxan, dikən sədrin, müdirin, naçalnikin bir qırmızı qoludur. Mir Cəlal. □ Qol qoymaq, qol çəkmək - 1) imzalamaq, imza etmək. Bir yerdə .. ərizə yazırlar və cəm olan on beş nəfər haman ərizəyə qol qoyurlar. Ə.Haqverdiyev. Qol çəkməyi bilirəm, amma sənin kimi oxumuş deyiləm. Qantəmir; 2) məc. tamamilə razılaşmaq, qəbul etmək. Elə mən də sən deyənə qol qoyuram. M.Hüseyn.
xüs. Bəzi alətlərdə və mexanizmlərdə hərəkəti nizama salan və başqa vəzifələr görən qola oxşar hissə.
□ Qol zoruna - zorakılıqla, güclə, zorla, zor işlədərək. Burada qol zoruna iş keçməz. Qolları arasına almaq - qucaqlamaq. Həsən .. [Dilaranı] qolları arasına alıb dodaqlarından öpdü. M.İbrahimov. Qollarını açmaq - birini qucaqlamağa hazırlanmaq, məmnuniyyətlə, gülər üzlə qarşılamaq. Qollarını atmaq - b a x qollarını ölçmək. Baba qollarını ata-ata (z.) yenə danışmaq istədi, lakin öskürək onu boğdu. Çəmənzəminli. Qollarını .. boynuna dolamaq (sarımaq) - birini bərk-bərk qucaqlamaq. Süsən atasına yanaşdı, dirsəyəcən çırmanmış qollarını onun boynuna doladı. M.Hüseyn. Qollarını ölçmək - danışarkən qolları ilə hərəkət etmək, qollarını oynatmaq. Şah ayaqlarını taxtdan sallayıb, qollarını ölçərək cır səsi ilə çığırdı. Çəmənzəminli. Qoluna girmək - 1) qolunu birinin qoluna keçirmək. O, dostunun qoluna girib balkona çıxartdı. Ə.Vəliyev; 2) qolunu gəzə bilməyən xəstə və ya başqa adamın qoluna keçirərək, ayağa qaldırıb gəzdirmək. Qolundan qaldırmaq - b a x qolundan tutmaq. Bir də onlar məni qolumdan qaldırdılar. Yoldaşlıq naminə ailəmə kömək verdilər. M.Hüseyn. Qolundan tutmaq - kömək etmək, əl tutmaq, yardım göstərmək. [İsmayıl:] Onun qədim nökəri Cavad bir az onun qolundan tutur. Ə.Haqverdiyev. Qolundan yapışmaq - bax qolundan tutmaq. [Tubu:] Qızını bir eləsinə ver ki, lazım olan vaxt qolundan yapışsın. Ə.Haqverdiyev. Kişiyə ürək-dirək verdik, qolundan yapışdıq, evimizə gətirib, neçə gün, neçə gecə qonaq saxladıq. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....