Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

QABAQ2

1. zərf Əvvəl, irəli. Üç gün bundan qabaq gəlmişəm. - Bir ay bundan qabaq övrətim və uşaqlarımı da götürüb Ağdamdan Bakıya köçürmüşəm. C.Məmmədquluzadə. Məmməd şirin səhər yuxusuna xələl qatar, işə vaxtından da yarım saat qabaq gələrdi. M.İbrahimov. // Tez. Hamıdan qabaq kim gəldi? - Ey günəş üzlüyar, günəşdən qabaq; Yoluma nur çilə, gəl səhər-səhər. M.Araz.
sif. Əvvəlki, keçmiş. Qabaq zaman. II Cəm şəklində: qabaqlar - əvvəllər, keçmişdə. Qabaqlar bura ağaclıq idi. Qabaqlar o çox gözəl oxuyardı. - Özlərinin qabaqlar zülm etdikləri; Məzlumlar da yəqin həmin cür olublar. Şəhriyar.
is. Bir şeyin irəli tərəfi, ön tərəfi, üz tərəfi (idal müqabili). Binanın qabağı bağa çıxır. Paltarımın qabağı batmışdır. - Dörd-beş mərtəbəli evlərin qabağından Vətən müharibəsi qəhrəmanlarının şəkilləri asılmışdı. M.Hüseyn. // sif. İrəlidə olan, ön tərəfdə olan; ön. Arabanın qabaq çarxı. Müdafiənin qabaq xətti. Kitabın qabaq səhifələri düşmüşdür. [Nəcəf] düşmənin ən qabaq və ən son istinadgahında dayanmışdır. Mir Cəlal. // İrəlidə gedən, qabaqda gedən. Nəhayət, kəndlilərin qabaq dəstəsi gəlib çatdı. M.Hüseyn. Qoşma mənasında yerlik halında: qabağında - qarşısında, önündə, qənşərində. Şagird müəllimin qabağında durub suallara cavab verirdi. Məktəbin qabağında iki sıra ağac əkilmişdir. Avtomobil evimizin qabağında durdu. - Sona hər axşam pəncərənin qabağında oturub yola baxır və günəşin batan tellərini ilıq gözyaşları ilə isladırdı. C.Cabbarlı. Daxmanın qabağında topa-topa adamlar... Hər gözdə bir sual var. B.Vahabzadə.
zərf İrəli. Fatma ağzına yaşmaq çəkib, utana-utana qabağa yeridi. Mir Cəlal.
is. Ön tərəf, irəli tərəf, qarşı tərəf. Qabağımız dərə idi, dalımız dağ. - Nahardan sonra Bahadır pəncərədə oturub qabağındakı meşəyə tamaşa edirdi. N.Nərimanov. Yavaş-yavaş dumduru göy qabağının və geniş üfüqlərin əzəmətli mənzərəsi açılırdı. M.İbrahimov. // Qarşı. Əlacım hər tərəfdən kəsildi, bir təbəqə kağızı qoydum qabağıma, dedim: - Indi söylə, mən yazım. Qantəmir. Alın. Büllur buxaq, lalə yanaq, ay qabaq; Şahmar zülfü pərişanlar dolanır. Aşıq Ələsgər.
□ Qabağa düşmək - 1) rəhbərlik etmək, yol göstərmək. Qabağıma düş, məni oraya apar. - [Gülməmməd:] Məgər bilmirsən ki, camaat işlərində həmişə qabağa düşən Mirzə Kərimdir? Ə.Haqverdiyev; 2) irəli düşmək, bir işdə təşəbbüsçü, birinci olmaq, baş olmaq, başqalarını ötmək. Bizim briqada yenə qabağa düşdü. Qabağa getmək - irəliləmək, inkişaf etmək, artmaq. [Ağa Məhəmməd xan:] Işin qabağa getməyi üçün, əvvəl, vacib dost qazanmaqdır. Ə.Haqverdiyev. Qabağa gələn - ağsaqqal, sözü keçən, hörmətli. Kəndin qabağa gələnləri. Qabağa keçmək - başa keçmək, birinci yeri tutmaq. Şamxal bunu duymuş kimi qabağa keçib axşam ayazında tir-tir əsən Güləsərin qolundan tutdu.. I.Şıxlı. Qabağı açılmaq - 1) üzü gülmək, üzündə sevinc əlaməti görünmək. Bu sözü eşidən kimi, onun qabağı açıldı. Nə var, nə olmuş, heç qabağın açılmır? 2) axın halında, izdihamla gələn, hərəkət edən kütlə haqqında. Sürünün qabağı açıldı. Qoşunun qabağı açıldı. Qabağına ağac uzatmaq - qarşısını saxlamaq, mane olmaq, qoymamaq. Qabağına çəkmək - özünə lap yaxınlaşdırmaq. Həsən kişi tünd çay dolu stəkanı qabağına çəkdi. M.Ibrahimov. Qabağ(ın)a çıxmaq - 1) qarşılamaq; səfərdən gələn adamın qarşısına getmək. Sara xanım toya gələndə kənd ağsaqqallarının bütün arvadları onun qabağına çıxırdı. Qantəmir. Hər axşam Şəban evə gələndə xəyal edirdi ki, Gülsüm həmişəki tək onun qabağına çıxıb əlinə su tökəcək. Ə.Haqverdiyev; 2) təsadüf etmək, rast gəlmək; 3) yolunu kəsmək, qabağını kəsmək. Budu gördüm, əli tüfənglilər darvazanı kəsdirib sındırırlar. - Imrana elə gəldi ki, buludlar ayı bürüyür, onun qabağına keçir, yol vermək istəmir.. İ.Şıxlı. Qabağına keçmək - 1) mane olmaq, əngəl törətmək; 2) yol göstərmək, bələdçilik etmək. Qabağına kötük itələmək b a x qabağına ağac uzatmaq. Əlyarov hər cür yolla işin qabağına kötük itələyir. M.Hüseyn. Qabağına qatmaq - sürmək, aparmaq, qabağına salıb aparmaq, qova-qova aparmaq. Çoban sürünü qabağına qatıb apardı. - Karvanı gülləyə basıb qırdıqların qırdılar, qırmadıqlarının da qollarını bağlayıb qabaqlarına qatdılar. Çəmənzəminli. Buğac üç ceyranı qabağına qatıb düz xana sarı qovurdu. M.Rzaquluzadə. Qabağından qaçmaq - qorxmaq, çəkinmək. Qabağından yeməyən - həddindən artıq dikbaş, iddialı, öz həddini, danışığını bilməyən adam haqqında. Hüseynqulu .. qabağından yeməyən idi,.. söz götürməzdi. Ə.Sadıq. Qabağını almaq - 1) bir hadisənin baş verməsinə mane olmaq üçün vaxtında tədbir görmək, baş verməyə qoymamaq. Yanğının qabağını almaq. Xəstəliyin qabağını almaq. Təhlükənin qabağını almaq. - [Ağbulaqlılar] selin qabağını almaq üçün səddi-Çin kimi qalın-qalın barılar düzəltmişdilər. S.Rəhimov; 2) qabağını kəsmək. Küçəni dönərkən bir Çin polisi onun qabağını aldı. S.S.Axundov. [Əsgər:] Gedib nemesin qabağını alacağam. Ə.Əbülhəsən. Qabağını boğmaq - b a x qabağını almaq 1-ci mənada. Qabağını kəsmək mane olmaq, qarşısını almaq. Selin qabağını kəsmək; 2) soyğun və talan məqsədilə yolunu tutmaq, yolunu bağlamaq. Meşənin qurtaracağına iki verst qalmış bir atlı, yaraqlı adam Cəfərin qabağını kəsdi: - Dayan, tərpənmə, atdan düş, yoxsa odladım. Axundov. Qabağını-gerisini düşünmək - görüləcək bir iş haqqında ətraflı fikirləşmək, ehtiyatla, sayıq hərəkət etmək. Qabağını tutmaq- bax qabağını kəsmək. Özünü qabağa vermək - irəli gəlmək, təşəbbüsçü olmaq, birinci olmaq. Rüstəm özünü qabağa verib bu yerlərə tamamilə bələd olduğunu komandirə bildirdi. S.Rüstəm.
qabaq-qabağa zərf Qarşı-qarşıya, üz-üzə, üzbəüz, bir-birinin önündə. Cəlal və müəllim diz üstə qabaq-qabağa oturub dərs oxuyurlar. C.Məmmədquluzadə. Şəbanla Gülsüm o gecə sübhədək yatmayıb qabaq-qabağa söhbət etdilər. Ə.Haqverdiyev. Bir-iki dövrə vurandan sonra [Ağca xanım] Qaraca qızı çağırdı, o da dərhal sıçrayıb ortalığa girdi və hər ikisi qabaq-qabağa oynamağa başladı. Axundov. □ Qabaq-qabağa gəlmək rastlaşmaq, üz-üzə gəlmək. Qürbət bir şəhərin bazarında iki adam qabaq-qabağa gəlib bir-birinə zənn ilə baxdılar. Çəmənzəminli. Qabaq-qabağa qoymaq - qarşılaşdırmaq, tutuşdurmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....