İzahlı lüğət

KÜRK

is. 1. Keçmişdə, əsasən, qoyun dərisindən, indi isə süni tüklü dərilərdən tikilən yaxud içi ya üzü bu kimi dəri ilə örtülü olan isti qış geyimi. Kürk tikmək. Kürkü geymək. - Telli.. Rizvanın da kürkünü Gülpərinin çiyninə salırdı. S.Hüseyn. Soyuq bir cəhənnəm, bir yaman ölkə; Soyuq güc gətirdi, sığındım kürkə. Ə.Cavad. Balkanlılar tərsinə geydi köhnə kürklərin; Qorxutmağa durdular Avropanın türklərin.. A.Səhhət. // Qiymətli xəzdən tikilmiş qadın, uşaq isti üst geyimi. Dovşan dərisindən kürk. - Yumşaq tükdən boz kürkümə; Anam büküb bu yaz məni. M.Dilbazi.
2. Məc. mənada. Örtük, pərdə. Dağlar ağ kürkə bürünmüşdü. - Siyasi dumanların kəsif kürkünə girib .. nəşələr dünyasında üzən bu şəhər [Bağdad] minlərcə .. xəfiyyələrin əlində idi. M.S.Ordubadi.
□□ Kürkünə birə dolmaq (düşmək) - təşvişə düşmək, əl-ayağa düşmək, həyəcan keçirmək, narahat olmaq. Bu son aylar nədənsə Nemətullayevin kürkünə birə dolmuşdu. S.Rəhimov. Kürkünə birə salmaq - birini təşvişə salmaq, qorxuya salmaq, bir şeylə qorxudaraq narahat vəziyyətə salmaq. Bağır bayaqdan bəri qonşusunun atmacalarını vecinə almırdı, amma Piti Namazın indi dedikləri kişinin kürkünə birə saldı. İ.Məlikzadə. Kürkünü sudan çıxarmaq - çətin vəziyyətdən özünü çıxara bilmək (çıxarmaq), öz işini düzəltməyi bacarmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......