Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

KARVAN

is. [fars.] 1. Bir-birinin ardınca sıra ilə hərəkət edən yüklü heyvan (əsasən dəvə) dəstəsi (qatarı); qafilə. İt hürər, karvan keçər. (Ata. sözü). Mağıl keçən vaxtlar dəvə karvanları düzülürdü yola, ticarət malını yükləyirdik dəvələrə.. C.Məmmədquluzadə. Bizim karvanımız beş çarvadar atından ibarət idi. S.Hüseyn. □ Karvan bağlamaq - sıraya düzülmək, dəstə düzəltmək. Yenicə işə qoşulmuş bal arıları çiçək üçün yaxındakı meşəyə karvan bağlamışdılar. Ə.Vəliyev. Karvan çapmaq (vurmaq, soymaq, dağıtmaq, kəsmək) köhn. - yoldan gəlib keçən yüklü karvanları soymaq, soyğunçuluq etmək. Kəsdim yollar, vurdum karvan; Çəkib soydum çox bazirgan. “Koroğlu”. [Heydər bəy:] Hər həftədə, hər ayda bir karvan çapmaq olurdu. M.F.Axundzadə. [Məmmədağa:] Ömər nəhayətdə ağıllı və kamallı oğlandır, amma bunun ilə belə atasının xoşuna gəlmir, zira ki, adam öldürməyir, quldurluq etməyir, karvan kəsmir. N.Nərimanov. Karvan çəkmək - karvanı idarə etmək, karvana başçılıq etmək. Darğa lələş .. bu çətin yoldan şəhərə karvan çəkərdi. S.Rəhimov. Karvan yolu köhn. - keçmişdə karvanların işlədiyi yol. Sinəsi gül rəngli tala doludur; Bu çöllər ən qədim karvan yoludur. S.Vurğun.
məc. Toplu halında bir-birinin ardınca, sıra ilə hərəkət edən şeylər haqqında. Təyyarə karvanı. Maşın karvanı. Gəmi karvanı.
Dolanır göyləri bulud karvanı; Bürüyür düzləri Kürün dumanı. H.K.Sanılı. Fəza yollarında baş alıb gedən ulduzlar karvanı ağır-ağır yüksəlir, getdikcə böyük bir boşluqda qərq olaraq, tamamilə gözdən itirdi. Ə.Məmmədxanlı.
məc. klas. Gəlib keçən şey haqqında (“bu dünyadan köçmə” mənasında). Bahar yetməkdədir, Qövsi, gözün aç, qönçə tək uyma; Yetişər köçməyə növbət sənə həm, karivandır bu. Qövsi.
karvan-karvan sif. Karvan kimi, qatarqatar, dəstə-dəstə. Karvan-karvan göydən ulduzlar keçir; Oz bəxtinə hər kəs bir ülkər seçir. S.Vurğun. Süzülür göy üzündə buludlar karvan-karvan. M.Seyidzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....