Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İP
is. 1. Uzun pambıq, kətan, yun və s. liflərindən eşilib hazırlanan və əsasən bağ kimi işlədilən məmul. İplə bağlamaq. Tayları iplə sarımaq. - [Ağa:] Gördüm yeşiyin ipi qırılıb. Molla Nəbiqulu yeşiklə bərabər ağacdan uçub, düşüb Qasımın otağının üstünə. Ə.Haqverdiyev. // məc. Buxov, cidar, əl-ayağı bağlayan şey mənasında. [Koroğlu dedi:] Qırılar zəncirlər, iplər; Nər atılar meydana indi. “Koroğlu”.
Pambıq iplikdən toxunmuş. Çarıq bağlarından, uzunboğaz rəngli ip corablarından bəlli idi ki, ananın əzizidir. Mir Cəlal. □ İp vurmaq - toxumaq (iplə). Torun ipini vurmaq. Corab ipi vurmaq. - Ömrünü susmaq və başını aşağı salaraq məkik atmaqla, ip vurmaqla keçirən şərbaflar və muzdurlar yavaş-yavaş səsini qaldırıb “urreyy” çığırdı. Ə.Əbülhəsən.
□□ İpə (ipə-sapa) yatmamaq (gəlməmək) - heç bir nəsihət götürməyən, söz eşitməyən, yaxud heç bir nizam və intizama uyuşmayan adam haqqında. Padşah nə qədər dəlil-dəlalət elədi, Qəmər ipə-sapa gəlmədi ki, gəlmədi. (Nağıl). Uşaq oynayar, gülər; Xəstə deyilsə əgər; Bəzisi sakit olar; Bəzisi ipə yatmaz. R.Rza. İpə-sapa düzmək (düzülmək) - fikrin, sözlərin düzgün, səlis, rəvan ifadə edilməsi haqqında. Fikirlər cərgə-cərgə ipə-sapa düzüldü; O, iztirab əlində üzüldükcə, üzüldü. B.Vahabzadə. İpə-sapa yatmaq (gəlmək) - yola gəlmək, söz eşitmək, nəsihət qəbul etmək. [Hümmətyar:] [Xanpəri] ancaq iki ildir daha o adam deyildir. İndi, necə deyərlər, ipə-sapa yatır. Ə.Vəliyev. ...ipinə (ipinin üstünə) odun yığmaq olmaz - etibarsız, sözünün üstündə durmayan, mütərəddid adam haqqında. Xan Fətəlinin adını eşitcək təkrar qəzəbləndi: - Onun sözünü danışma! - dedi,
onun ipinin üstünə odun yığmaq olmaz! Çəmənzəminli. İpini boşaltmaq (buraxmaq) - sərbəstlik vermək, pis hərəkətlərinə göz yummaq, qabağını almamaq, başlıbaşına buraxmaq. Uşağın ipini lap boşaltmısan ha. İpini çəkmək (yığmaq, yığışdırmaq) - pis yoldan, pis əməldən qaytarmaq, qabağını almaq, həddini göstərmək, intizama çağırmaq. [İmamzadə:] Sən bunların ipini yığışdıra bilməsən, hər cür xata baş verə bilər. Q.İlkin. Boğazına ip salmaq - boğub öldürmək. İslamın fikrinə gəlmişdi ki, Tellini xoş dillə alıb qışlağa gətirsin, sonra bir gecə boğazına ip salıb boğsun. S.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....