Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

İMTAHAN

is. [ər.] 1. Hər hansı bir fənn üzrə keçirilən yoxlama sınağı. Yaz-yay imtahanları. Imtahana hazırlaşmaq. Imtahan komissiyası. - Imtahan məclisi qurulmuşdur; Zalda skamyalar qoyulmuşdur. A.Səhhət. Imtahan söhbəti indi hər yerdə ən şirin söhbətdir. Mir Cəlal. ..Səhər saat doqquzda riyaziyyatdan yazılı imtahan başlandı. İ.Əfəndiyev. □ İmtahan eləmək (etmək)
hər hansı bir fənn üzrə tələbənin, şagirdin biliyini yoxlamaq. Tələbələri imtahan etmək. - Dərs demək istəyirəm; Imtahan edin məni. B.Vahabzadə. İmtahan vermək (tutmaq) - hər hansı fənn üzrə yoxlama sınağından keçmək. Elm öyrən, imtahan ver; Öz fəzlini nişan ver. M.Ə.Sabir. “Həblülmətin”yazır ki, Firəngistanda birisi ki istəyir alim ola, gərək gecələr yatmayıb zəhmət çəkə, elm oxuya, bir klasdan o biri klasa keçə, axırda imtahan tuta və şəhadətnamə ala. C.Məmmədquluzadə. [Qəhrəman] imtahan verib təzə açılan darülmüəlliminə daxil oldu. S.Rəhimov.
məc. Sınaq, sınama, yoxlama, sınaqdan keçirmə. Məni zındıq oxurlar cümlə aləm əhli, lakin mən; Mücərrəd cövhərəm kim, imtahana ehtiyacım yox. S.Ə.Şirvani. İmtahan ayağında - gərgin zamanda, çətin vəziyyətdə, bərk ayaqda, sınaqda. Ellərin qarşısında imtahan ayağında; Rəvamıdır mən solum açılmamış çiçək kimi. S.Rüstəm. İmtahan eləmək - sınamaq, yoxlamaq, sınaqdan keçirmək, təcrübə eləmək. Eşq əhli məhəbbət etsə izhar; Əvvəl onu imtahan edər yar. Füzuli. Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm; Fəda olum sənə, gəl, eylə imtahan, ölürəm. X.Natəvan. [Qətibə:] Mən bu gözəllik vasitəsilə iqbalımı bir daha imtahan edəcəyəm. M.S.Ordubadi. İmtahana çəkmək - bax imtahan eləmək. Sən demə, əmisi doğrudan da Ibrahimi imtahana çəkmək istəyirmiş ki, görsün Ibrahim nə deyəcək. (Nağıl). Qədim əyyamda bir qıza elçi gəlsəydi, o qızı bir neçə imtahana çəkərdilər. R.Əfəndiyev. [Hacı Murad:] Yaxşısı budur ki, elə bu saat imtahana çəkim. S.S.Axundov. İmtahana düşmək -yoxlanmaq, sınanmaq, sınaqdan keçirilmək. Eldən yana düşmüşəm; Nahaq qana düşmüşəm; Yar məni bərkə çəkib; Imtahana düşmüşəm. (Bayatı). İmtahandan çıxmaq - sınaqdan yaxşı çıxmaq, yoxlamadan keçmək. Qorxub çəkilmədik ölümdən, qandan; Çıxdıq illər boyu çox imtahandan. S.Vurğun. Dostluq var ki, zamanın imtahanından çıxa bilmir. R.Rza. Hər şeyə qadir insan; Yer üzündə beləcə; Çıxdı min imtahandan. Vahabzadə. // məc. Həyati çətinliklər, ağır günlər. Irəlidə hələ böyük imtahanlar var. S.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....