Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

İMAN

is. [ər.] 1. İnanma, dərin inam. [Nüşabə:] Sənə qəlbimdə bir iman vardı; Könlümü şübhə, tərəddüd sardı. A.Şaiq. [Kərimxan:] Hələ də öz imanında möhkəm qalmaq istəyirdi. M.İbrahimov. // İslamiyyətdə: dinə, Allahın birliyinə, peyğəmbərlərə inanma və bunu dillə iqrar etmə; etiqad. Dil zülflə rüxsarüvə çün qıldı təmaşa; Avarə qalıb küfr ilə iman arasında. Heyran xanım. Bu isə bəs o ləinin də işi qullabıdır; Dini, imanı danıb, yoldan azıbdır, babıdır. M.Ə.Sabir. [Müridlər:] Şeyximiz atdı hökmi Quranı; Şeyximiz satdı dini, imanı. H.Cavid. İman etmək (bəsləmək, gətirmək)
inanmaq. Beləliklə, [İldırımzadə] Dəmirova .. dərin bir iman bəslərdi. S.Rəhimov. İman əhli - dinə inanan, dini ehkamlara riayət edən, etiqadlı. Dünya görmüş adam (özü də iman əhlinə oxşuyurdu) yenə bir dərin ah çəkib dedi.. C.Məmmədquluzadə. İmana gəlmək - 1) islam dinini qəbul etmək, dönüb müsəlman olmaq (qeyri-müsəlman haqqında). Üzünü görsə əgər gəbrlər imana gələr; Küfrdən əl götürüb rahimüsəlmanə gələr. Q.Zakir. Biçarə Kərimi salma nəzərdən; Əgərçi kafirəm, gəldim imana. Aşıq Kərim; 2) məc. xeyli xahişdən, inandırmadan, təkiddən, səydən sonra razı olmaq, qəbul etmək. Imana gəlmir ki, gəlmir. İmana gətirmək - 1) təbliğat və s. yolu ilə birinə müsəlmanlığı qəbul etdirmək; 2) məc. xeyli xahişdən, inandırmadan, təkiddən, səydən sonra razı olmasına, bir şeyi qəbul etməsinə nail olmaq. İmandan çıxmaq - dindən çıxmaq, dini ehkamları pozmaq. İmanı kamil olmaq - 1) imanı, etiqadı, əqidəsi təmiz olmaq; 2) məc. məqsədinə, məramına çataraq rahat olmaq. O mehrabü minbər qaşlara mail; Olmayanın olmaz imanı kamil. Q.Zakir. [Əsgər Süleymana:] Hərgah bir işi də bilsən, onda imanım kamil olar. Ü.Hacıbəyov. İmanını satmaq - yalandan şahidlik etməklə əqidəsini, məsləyini birinə qurban etmək, satılmaq. Imanını satıb, əppəyinə qatıq eləyir. (Ata. sözü). [Rüstəm bəy:] ..Bax imanımı belə satmışam. S.S.Axundov. İmanını tərəziyə qoymaq - alverdə müştərini aldatmaq, çəkidə aldatmaq. Baqqal qoyar tərəziyə imanın. Q.Zakir. İman-güman - şübhə, zənn, güman. Əntiqə Hacı Rəsulun nəyinə lazımdır? Burada iman-güman çox yerə gedə bilər. Mir Cəlal. Allah imanını kamil eləsin
birinə xeyir-dua məqamında. [Kərbəlayı Xeyransa:] A...a...a... balam, Allah imanını kamil eləsin, ay Məşədi Püstə bacı, mənim heç yadımda yoxdu. H.Sarabski. Sahibiiman - bax iman əhli. Yox yeni bir dinə yəqinim mənim; Sahibi-imanəm, a şirvanlılar! M.Ə.Sabir.
2. İmanla şəklində zərfi - etiqadla, inanaraq. Mən sizə imanla vermişəm könül.. A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....