İzahlı lüğət

SINDIRMAQ

f 1. Bərk bir şeyə vurmaqla, toxundurmaqla, yaxud yerə salmaqla parçalamaq, qırıb tökmək. Stəkanı yerə salıb sındırmaq. Su dolçasını sındırmaq. Güzgünü sındırmaq. - ..Birdən gülümü üzdüm, tacımı daşa vurdum, ..sındırdım. A.Divanbəyoğlu. Noldu, ehtiyatsız yenə dolandın; Bulaqda kuzəni sındırdın dünən. N.Xəzri. // Bütöv bir şeyi bərk bir şeyə vuraraq xıncım-xıncım etmək, qırmaq. Daş sındırmaq.
Qopararaq üzmək, qırmaq. Şaxı sındırmaq. Stolun qıçını sındırmaq. - Getdi meşə içrə odun qırmağa; Şax budağı başladı sındırmağa. A.Səhhət. [Güllü:] Mən daha budaq sındırmayacağam. H.Seyidbəyli.
Korlamaq, xarab etmək, yararsız hala salmaq. Saatı sındırmaq. Oyuncağı sındırmaq. Aləti sındırmaq. Şikəst etmək, qırmaq. Qolunu sındırmaq. Ayağını sındırmaq. - Molla bir uşağın ayaqlarını falaqqaya qoyanda on bir çubuq sındırır. C.Məmmədquluzadə. [Hambal:] A Məşədi, bu qədər xəlqə pul paylayırsan, mənə də bir abbası ver, belimi sındırıbsan. U.Hacıbəyov.
məc. Məhv etmək, yox etmək, məğlub etmək, dağıtmaq. Köhnəlmiş idarə üsulunu sındırıb yenisini qurmaq. - Qoşun sındırmış, qala fəth etmiş əsgər sevinci ilə Durmuş yatağına girdi. Mir Cəlal.
məc. Pərt etmək, xətrinə dəymək, məyus etmək. Səlim [Naşadı] son sözilə məclisdə sındırmışdı. S.Hüseyn. Bu gülüşlər də onu sındırmışdı. H.Nəzərli. Yoldaş komandir! Gəlin siz məni sındırmayın, mənim də taytuşum var. Ə.Vəliyev.
məc. dan. zar. Həvəslə, şövqlə oynamaq (rəqs etmək). [Kərbəlayı Fatmanisə:] Vallahı, zalımın qızı elə sındırır ki, elə sındırır ki, bütün sümükləri beşatılan kimi şaraq-şaraq şaqqıldayır. C.Cabbarlı. □ Sındıra-sındıra oynamaq - həvəslə, ehtirasla, şövqlə oynamaq. Gələnlərdən iki nəfəri ortada sındırasındıra oynayırdı. M.Hüseyn.
Bir sıra isimlərin yanına gətirilərək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ürəyini sındırmaq, sözünü sındırmaq, başını sındırmaq, qol-qanadını sındırmaq, belini sındırmaq və s.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

SER

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed