İzahlı lüğət

DAM1

is. 1. Ev, bina, tikili. Şəhərin dar küçələri, sıx həyətləri, qaranlıq damları onları təmin etmədi. Mir Cəlal.
// Əsas binanın yanında tikilmiş və ona yapışıq otaq və s. Şərəfnisə xanım ikinci damda ahəstə ağlaya-ağlaya yun darayır. M.F.Axundzadə.
□ Qara dam - bacası tavanının ortasında olduğu üçün daim hisli olan, pəncərəsiz, ibtidai ev; daxma. Kənddəki evlərin hamısı torpağın altında tikilmiş qara damlardan ibarət idi. İ.Əfəndiyev. Bütün kənd təkbacalı qara damlarda, ya ömründə gün üzü görməyən qabağı səkili tövlələrdə yaşayırdı. S.Rəhimov.
Evin, binanın, tikilinin örtüsü. Dama çıxmaq. Damdan yağış dammaq. Kirəmit dam. Damı qırlamaq. - Biz eyvanda və damın üstündə vaxtımızı keçirirdik. C.Məmmədquluzadə. Hündür evlərin damlarını ağappaq qar örtmüşdü. M.İbrahimov. Adamlar damın üstündə gecələyirdilər. Ə.Məmmədxanlı.
Bir, ya iki tərəfi açıq, üstüörtülü yer, tikili. [Əsgər bəy:] A kişi, indi bu dumanda, çiskində kazaklar tamam dam altına yığışıblar. M.F.Axundzadə.
Heyvanları saxlamaq üçün qapalı yer; bina, tövlə. Komandan ilə Musa mal damına yanaşdılar. M.Hüseyn. Qoyun, quzu, dana, xötək; Mal-qara dolur dama. B.Vahabzadə.
məc. Həbsxana, qazamat.
□ Dama basmaq (qatmaq, salmaq) - həbs etmək, həbsə salmaq. Xülasə, qəzetləri bağlamaqda və yazıçılarını dama qatmaqda mən hökuməti haqlı tutmuram. C.Məmmədquluzadə. Dama girmək - həbs edilmək, həbsə alınmaq. [Kərəmov:] Olmaz da, pulları yemisən, üstündən su da içmisən. İndi dama girəndə ağlın başına gələr. S.Rəhman.
□□ Bir dam(ın) altında - bir yerdə, bir evdə, bir mənzildə, bərabər, yanaşı. İndi bu adam [Zeynal] onunla bir dam altında bərabər yaşamaq istəməyirdi. S.Hüseyn. O zaman bir damın altında birləşən iki qəlbin bəxtiyarlığı məni qorxudurdu. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed